Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan Futbol Federasiyasının hesabat-seçki yığıncağı keçirilib

      Tədbirdə Gənclər və İdman Nazirliyi Aparatının əməkdaşları, federasiya nümayəndələri, məşqçi və hakimlər iştirak ediblər.

Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikamızda idman və idmançılara dövlət qayğısının ən yüksək səviyyədə olduğunu deyən gənclər və idman naziri Ramil Hacı bildirib ki, nazirlik idmanın inkişafı və təbliğinə nail olmaq üçün muxtar respublikanın bütün idman federasiyaları ilə qarşılıqlı fəaliyyət göstərir və bu sahədə dövlət siyasətini həyata keçirir. Qeyd olunub ki, bədən tərbiyəsi və idman sahəsi üzrə 189 tədbir keçirilmiş, eyni zamanda Naxçıvan idmançıları tərəfindən ölkə səviyyəli yarışlarda 47, beynəlxalq turnirlərdə 14, Avropa çempionatında 1, dünya çempionatlarında isə 20 medal olmaqla ümumilikdə 82 medal qazanılmışdır. Bunlardan 27-si qızıl, 32-si gümüş və 23-ü bürünc medaldır və bu Naxçıvan idmanı tarixində medalların əyarına görə qazanılan ən yüksək göstəricidir. Bütün bunlar Naxçıvanda idman siyasətinin düşünülmüş şəkildə aparılmasının bariz nümunəsidir.

Ramil Hacı vurğulayıb ki, muxtar respublika idmanında davamlı inkişaf, qazanılan uğur və nailiyyətlərə baxmayaraq qarşımızda mühüm vəzifələr dayanır. İdman federasiyaları və aidiyyəti qurumlarla birgə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilməlidir. Gənc nəslin, əhalinin, xüsusən də sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi, bu sahədə kütləviliyin artırılması, idmanın müxtəlif növləri üzrə muxtar respublika, ölkə və beynəlxalq səviyyəli yarışların təşkili, idmançılarımızın irimiqyaslı yarışlarda iştirakı təmin edilməlidir. Xarici əməkdaşlıq əlaqələri artırılmalı, digər ölkələrdə uğurla sınaqdan keçmiş təcrübələr tədbiq edilməli, təcrübəli mütəxəssislərin Naxçıvana dəvət olunması davam etdirilməlidir.

Futbol Federasiyasının fəaliyyəti haqqında danışan nazir deyib ki, muxtar respublikada 17 stadion, 28 mini futbol meydançası mövcuddur və hazırda 100 qrup üzrə 1244 yeniyetmə və gənc aktiv şəkildə futbolla məşğuldur. Rayon və kəndlərdə əhalinin, xüsusilə də gənc nəslin futbola olan marağının daha da artırılması məqsədi ilə Şərur rayonunda 4, Culfa rayonunda 2, Sədərək rayonunda 2, Ordubad və Kəngərli rayonlarının hərəsində 1 olmaqla, ümumilikdə 10 stadion əsaslı təmir olunaraq istifadəyə verilib.

Qeyd olunub ki, son dövrlərdə məşqçi və hakimlər üçün seminarlar, kurslar, uşaq futbol komandaları arasında beynəlxalq turnir, Region Liqasının yeni mövsümləri, futzal və çimərlik futbolunda ilk peşəkar liqa və çempionatlar keçirilib, AFFA-nın “Qızlar bacarır” və UEFA-nın “Grassroots” layihələrinin icrası təmin olunub. Yerli və xarici əməkdaşlıq əlaqələri sayəsində gələcək planların icrası üçün məqsədyönlü addımlar atılıb. Ramil Hacı nazirliklə federasiyanın birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqların yerinə yetirilməsi, eyni zamanda futbolun inkişafı yolunda yeni uğurların əldə olunacağına inamını ifadə edib.

Federasiyanın sədr müavini Sakit Rzayev federasiyanın ötənilki fəaliyyəti barədə ətraflı məlumatı diqqətə çatdırıb.

Hesabat-seçki yığıncağında federasiyanın yeni sədri seçilib və ictimaiyyətə təqdim olunub. Belə ki, Naxçıvan Futbol Federasiyasının sədri vəzifəsini Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri, “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov icra edəcək.

Gənclər və idman naziri Ramil Hacı federasiyanın yeni sədrini təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Vüqar Abbasov göstərilən yüksək etimada görə Ali Məclis Sədrinə minnətdarlığını ifadə edərək, Naxçıvan futbolunun inkişafı və uğurlu gələcəyi üçün federasiya kollektivi ilə birgə maksimum çalışacaqlarını bildirib. İdman, xüsusən də dünya futbolu ilə yaxından maraqlandığını qeyd edən federasiya sədri bu növdə uğur əldə etmək üçün uzunmüddətli plan və strategiyanın əsas olduğunu, bununla paralel digər mühüm amillərin həlli üçün əməkdaşlıq və birgəlik prinsipinin vacibliyini diqqətə çatdırıb. Vüqar Abbasov yaxın gələcək üçün qarşıya qoyulan vəzifə və tapşırıqların icrası istiqamətlərindən bəhs edib, bu yolda futbol ictimaiyyəti nümayəndələrinə uğurlar arzulayıb.

Çıxışlardan sonra gündəlikdə duran məsələlərlə bağlı hazırlanan qərar layihəsi təsdiq olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
18.01.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022