Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Kross qaçışı üzrə muxtar respublika açıq birinciliyi keçirilib

      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan kross qaçışı üzrə muxtar respublika açıq birinciliyi keçirilib.

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və orta məktəb şagirdləri arasında keçirilən yarışa 100 idmançı qatılıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Atletika Federasiyasının birgə təşkil etdiyi birincilikdə atletlər 5000 metrlik məsafə üzrə mübarizə aparıblar. Məsafə Duzdağ Fizioterapiya Mərkəzinin qarşısında tamamlanıb.

Oğlanlar arasında ən yaxşı nəticəyə Əmrah Nağıyev nail olub. Ordubad rayonunu təmsil edən atlet finişə 18 dəqiqə 7,66 saniyə ərzində çataraq birinciliyin qalibi olub. Rayonun digər təmsilçisi Miryusif Seyidov 20 dəq. 10,28 saniyəlik göstərici ilə ikinci olub. Məsafəni 20 dəq. 14,34 saniyəyə qət edən Heydər Əliyev adına Hərbi Liseyin kursantı Rəhim Əliyev isə üçüncü sırada qərarlaşıb.

Qızların mübarizəsində Sədərək təmsilçisi Aysu Abbasova bütün rəqiblərini geridə qoyub. Aysu bu uğura 24 dəq. 27,09 saniyə ərzində müvəffəq olub. Rayonun digər təmsilçisi Nursən Abbasova 26 dəq. 5,81 saniyəlik göstərici ilə ikinci olub. 10 saniyə sonra finişə çatan “Təhsil” idman klubunun atleti Sevinc Əliyeva isə üçüncü sırada qərarlaşıb.

Mükafatlandırma mərasimində çıxış edən gənclər və idman naziri Azad Cabbarov və federasiya sədri Rəhman Məmmədov muxtar respublikada bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından bəhs edərək bildiriblər ki, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi - Naxçıvan Muxtar Respublikasında bu sahəyə də xüsusi önəm verilir. Bildirilib ki, illər ötdükcə yenilənən və müasirləşən idman infrastrukturu sayəsində əhalinin müxtəlif yaş qruplarının, əsasən də gənc nəslin bu sahəyə cəlbi diqqətdə saxlanılıb, istedadlı idmançıların ölkə və beynəlxaq miqyaslı yarışlarda iştirakı təmin edilib. Pandemiyanın idman sahəsində də müəyyən durğunluğa səbəb olmasına baxmayaraq “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın mümkün bəndləri icra olunub. Ölkə üzrə ən az yoluxma faktının qeydə alındığı muxtar respublikamızda müəyyən idman növlərinin fəaliyyətİ bərpa olunub, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla məşq prosesləri və turnirlər təşkil olunub. Qeyd olunub ki, Atletika Federasiyası struktur dəyişikliyindən sonra bu sahədəki fəaliyyətini artan templə inkişaf etdirir, qarşıya qoyulan vəzifələri icra etmək üçün maksimum səylə çalışır. Kütləviliyin təmin olunması məqsədilə atılan addımlar, idmançılar üçün yaradılan əlverişli şərait imkan verir ki, istedadlı və bacarıqlı atletlərimizin sayı daha da artsın. Onların ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakının təmin olunması məsələsi də diqqət mərkəzində saxlanılır.

Sonda iştirakçılara uğurlar arzulanıb, fərqlənən atletlərə mükafatlar təqdim edilib.

İlk üçlükdə qərarlaşan idmançılar plaket və hədiyyələrlə təltif ediliblər. 10-luqda yer tutan digər iştirakçılara isə diplom təqdim olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
18.05.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020