Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Yüngül Atletika Federasiyasının iclası keçirilib

      Bu gün Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının iclası keçirilib.

Yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də federasiyanın yeni sədrinin seçilməsi və federasiyanın Nizamnaməsində dəyişiklik edilərək “Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası” adının “Naxçıvan Atletika Federasiyası” adı ilə əvəz edilməsi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur Rayon Ağır Atletika Bölməsinin və “Xatun” Bədii Gimnastika İdman Klubunun Federasiyanın tərkibinə daxil edilməsi olub.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclər bütün idman növlərinə maraq göstərirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib.

Nazir diqqətə çatdırıb ki, 2020-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib, aid təşkilatlara konkret tapşırıqlar verilib, 14 fevral 2020-ci ildə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbov Sərəncam imzalanıb. Proqramın icrası ilə əlaqədar artıq bir çox işlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən idman obyektləri və zallarında idmançıların mövcud idman qurğu və zallarından istifadələrinə hərtərəfli şəraitin yaradılması məqsədi ilə imkansız ailələrdən olan yeniyetmə və gənclərin ödənişsiz idmanla məşğul olmaları üçün şərait yaradılıb, federasiyalardan bu qəbildən olan idmançılar haqqında məlumatlar toplanılıb, onların sosial problemlərinin həlli üçün tədbirlərin görülməsi planlaşdırılıb. Muxtar respublikanın rayonlarında sadə tipli idman qurğularının yerləşdirilməsi üçün istirahət parklarında yerlər ayrılıb, Naxçıvan şəhərində salınmış "Sahil Parkı"nda iki idman meydançası, tennis kortu və velosiped zolağı istifadəyə verilib. Həmçinin Uzunoba gölünün ətrafında çimərlik futbolu meydançası da tikilərək istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov çıxış edərək vurğulayıb ki, muxtar respublikamızda idman və idmançılara hərtərəfli dövlət qayğısı nəticəsində gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. İdman sahəsinə göstərilən davamlı dövlət qayğısı nəticəsində muxtar respublikada yüngül atletika ilə məşğul olanların sıraları daha da genişlənib və bu sahədə müxtəlif idman tədbirlərinin keçirilməsinə əlverişli şərait yaradılıb. Federasiya yarandığı gündən öz işini günün tələblərinə uyğun quraraq bir çox istedadlı gənc idmançı üzə çıxarıb. Lakin buna baxmayaraq Yüngül Atletika Federasiyasının da çatışmayan cəhətləri var. Federasiya yaradılan şəraitdən düzgün istifadə edərək təcrübəli məşqçiləri muxtar respublikaya dəvət etməmiş, muxtar respublikada ölkə və beynəlxalq səviyyəli yarışlar təşkil etməyib. Sonra Azad Cabbarov çıxış edərək bildirib ki, muxtar respublikada müasir idman məktəbləri və idman qurğuları tikilib, ayrı-ayrı idman növləri üzrə 12 federasiya yaradılıb. Ali Məclis Sədrinin diqqəti nəticəsində 2002-cı ildə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının əsası qoyulub. Uşaq, yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi üçün maddi-texniki baza möhkəmləndirilib, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. Buna baxmayaraq, federasiya işini günün tələblərinə uyğun qurmayaraq, yaradılan şəraitdən, infrastrukturdan düzgün istifadə etməyi bacarmayıb. Yüngül Atletika Federasiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına verdiyi tapşırıqlardan nəticə çıxarmayıb, yaxşı idmançılar olmasına baxmayaraq onların məşq etməsinə şərait yaradılmayıb, idmançılar Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış etməyib, keçirilən muxtar respublika səviyyəli yarışlarda keyfiyyət və təşkilatçılıq aşağı səviyyədə olub.

Sonra Azad Cabbarov Naxçıvan Muxtar Respublikası Təhsil naziri Rəhman Məmmədovun Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasına sədrliyinə namizədliyini irəli sürüb.

Təklif yekdilliklə qəbul olunub və Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri seçilib.

Yeni təyin olunan federasiya sədri çıxış edərək qeyd edib ki, bütün sahələrdə quruculuq və inkişafın geniş vüsət aldığı muxtar respublikamızda digər sahələrdə olduğu kimi təhsil, eləcə də idmanın inkişafı sahəsində də mühüm işlər görülüb. Uşaq və gənclərin sağlamlığına göstərilən qayğının bariz nümunəsidir ki, muxtar respublikamızda idman kompleksləri, Uşaq-Gənclər Şahmat və İdman məktəbləri fəaliyyət göstərir. Bununla yanaşı ümumtəhsil məktəblərində ən müasir tələblərə cavab verən idman zalları və açıq idman qurğuları yaradılmışdır. Yaradılan müasir şərait uşaq və gənclərin sağlamlığının qorunmasına, onlarda fiziki sağlam həyat tərzini formalaşdırmağa geniş imkanlar açır. Yaradılanlardan səmərəli istifadəni təmin etmək, uşaq və gənclərin müxtəlif idman növləri üzrə hazırlıq səviyyəsini yüksəltmək, istedadlarının aşkarlanması, idmanın kütləviliyini təmin etmək məqsədilə muxtar respublikada idman federasiyaları da fəaliyyət göstərir. Bu federasiyalardan biri də Atletika Federasiyasıdır.

Təhsil naziri bildirib ki, muxtar respublikada bu federasiyanın əhatə etdiyi idman növlərinin inkiafı üçün zəruri baza vardır. Mövcud şəraitdən səmərəli istifadə ediləcək, federasiyanın əhatə etdiyi idman növləri üzrə kütləviliyin təmin olunmasına nail olunacaq, idmançıların ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirakı təmin ediləcəkdir.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək Atletika Federasiyasının sədri seçilməsinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.

Çıxışlardan sonra federasiyanın Nizamnaməsində dəyişiklik edilərək “Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası” adının “Naxçıvan Atletika Federasiyası” adı ilə əvəz edilməsi yekdilliklə qəbul olunub. Gündəlikdə duran məsələlərlə əlaqədar qərar layihəsi oxunub.

Tədbirə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov yekun vurub yığıncaq iştirakçıları adından muxtar respublikada idmanın inkişafına yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib, Rəhman Məmmədovu Atletika Federasiyasının sədri seçilməsi münasibətilə təbrik edib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
18.08.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020