Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Onlayn formatında konfrans keçirilib

      Yanvarın 19-da 20 Yanvar şəhidlərin xatirəsinə həsr olunmuş konfrans keçirilib.

Onlayn şəkildə keçirilən konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ölkəmizin müxtəlif zonalarından olan Gənclər və İdman İdarələrinin rəisləri, qazilər və gənclər iştirak ediblər.

Konfransda Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev konfrans iştirakçılarını salamlayıb. 20 Yanvar faciəsi qurbanlarının və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev 20 yanvar faciəsi haqqında məlumat verib.

Həmçinin, konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Mirməcid Seyidov bildirib ki, Azərbaycan xalqı tarixin müxtəlif səhifələrində öz müstəqilliyi, azadlığı uğrunda, zülmə-istibdada qarşı mübarizə aparıb. Məhz XX əsrdə rus işğalı nəticəsində istiqlaliyyətimiz süqut etdi, xalqımıza qarşı azadlıq mübarizəsi boğulmuş, bir neçə dəfə soyqırım törədilmiş, Sovet imperiyası rəhbərliyinin Azərbaycanın suverenliyini və beynəlxalq hüquq normalarını pozaraq Bakıya yeritdiyi ordu hissələri amansız cinayətlər və kütləvi qırğınlar törətmişdir. Milli azadlıq uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insan silahlı təcavüz nəticəsində qətlə yetirildi. 20 Yanvar faciəsi Azərbaycan xalqının dövlət müstəqilliyi istiqamətində atdığı ilkin addımdır. Lakin çox təəssüf ki, bu hadisənin başlanğıcında ölkəmizin əzəli-əbədi torpaqlarının işğalı faktı var idi. SSRİ ərazisində ilkin etnik təmizləmə də məhz Azərbaycan xalqına qarşı törədilib. Lakin ən vacib missiya da xalqımıza nəsib olub ki, SSRİ imperiyasından ilk olaraq Azərbaycan ayrılıb və öz müstəqilliyini bəyan edib.

Artıq 20 Yanvar tarixini milli matəm, hüzn günü kimi yox, milli iftixar hissi ilə yad edirik. SSRİ rəhbərliyinin azərbaycanlılara qarşı törətdiyi bu qanlı cinayət xalqı daha sıx birləşdirdi, onun mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edildi. 20 Yanvar faciəsi bizi yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. 20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyirik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq illər keçir. Müstəqil Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində öz yerini tutub və bütün dünyaya sübut edib ki, müstəqilliyimiz əbədidir, dönməzdir.

Yanvar faciəsindən 31 il ötsə də Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşından silinməyib və hər zaman qəhrəmanlıq səlnaməsi kimi qalacaqdır. 20 yanvar faciəsindən 1 gün sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və “Qırmızı rejim”in Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi, o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Elə 20 Yanvar faciəsinə ilkin siyasi qiyməti də ulu öndər Heydər Əiyev verib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın tərəqqisi yolundakı xidmətləri müstəqilliyimizin sarsılmaz və əbədi olmasına əsaslı zəmin yaratdı. Bu istiqamətdə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan nəinki regionda, həm də dünyada öz mövqeyini müəyyənləşdirib və inamla inkişaf prosesini davam etdirir.

Muxtar respublikamızda da 20 Yanvar və ümumiyyətlə, şəhidlərimizin xatirəsi həmişə uca tutulur, azadlığımızın ilk qaranquşları olan 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilir, müstəqilliyimizin ilk çarçıları fəxrlə anılırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərində yerləşən Şəhidlər Xiyabanı əsaslı təmir olunaraq muxtar respublika sakinlərini ziyarətgahına çevrilib. Ərazidə yaradılan Xatirə Muzeyində bu insanlar haqqında məlumat və şəxsi əşyaları saxlanılır ki, bu da yeniyetmə və gənclərə bu irsin öyrənilməsi üçün məlumat verir, onların milli vətənpərvərlik hisslərinin formalaşmasına təsir göstərir. Muxtar respublikamızdan da o məşum və qanlı yanvar gecəsində şəhid olan və xəsarət alanlar vardır. Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində Vətən şəhidlərinə xatirə kompleksləri ucaldılıb, küçələrə, təhsil ocaqlarına onların adları verilib. Bu gün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanı naxçıvanlıların müqəddəs and yerinə, müqəddəs məkanına çevrilib. 20 Yanvar faciəsinin ildönümü ərəfəsində müxtəlif tədbirlər: inşa yazı, şeir və rəsm müsabiqələri, müxtəlif idman yarışları keçirilir, şəhidlərin xatirəsi yad edilir.

1990-cı il 20 Yanvar qanlı faciəsini, həmin gün şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar. Bu qəhrəmanlıq salnaməsi gənclərimizin milli vətənpərvərlik ruhunda formalaşmasında böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, Azərbaycan xalqının ümummilli lideri, böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını gənclərin tərbiyəsinə cavabdehlik daşıyan bütün qurumların, qarşısında ən mühüm vəzifə kimi qoymuşdur.

Hər bir ölkənin, xalqın gələcəyinin necə olması bugünkü gəncliyin hansı ideallarla yaşamasından, övladı olduğu Vətəni, xalqı qarşısında borc, məsuliyyət hissini necə dərk etməsindən, vətənini, xalqını nə dərəcədə sevməsindən, milli-mənəvi özünüdərkindən asılıdır. Gənclərin vətənpərvərlik tərbiyəsi, onlara Vətənə, xalqa məhəbbət hisslərinin aşılanması həmişə olduğu kimi bu gün də diqqət mərkəzindədir. Məhz bu düzgün istiqamətlənmiş tərbiyədən bəhrələnən Azərbaycanın igid oğulları Vətənimizin azadlığı, bütövlüyü uğrunda daim mübarizə aparmış, torpaqlarımızın, sərhədlərimizin qorunması, ölkəmizin azad, suveren bir dövlət olması üçün öz canlarından, qanlarından keçmişlər. Bu gün müasir tariximizin ən unudulmaz və şərəfli dövrünü yaşayırıq. Ali Baş Komandanın rəhbərliyi ilə itirilən torpaqlarımızı geri qaytarmış, sərhədlərimizi bərpa etmişik.

Belə ki, sentyabrın 27-də işğalçı ölkənin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycanın düşmən üzərində həlledici qələbəsi ilə nəticələndi və 2020-ci il noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 44 günlük davam edən İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin uzaq görən siyasəti əsasında qələbəylə başa çatdı və həmin torpaqlarımızda indi Azərbaycan bayrağı dalğalanır. Vətən müharibəsində Azərbaycanın parlaq hərbi qələbəsi nəinki ölkəmizin tarixinin, bütövlükdə dünyanın ən mühüm hadisələrindən biri oldu.

Vətən Müharibəsində də məhz öz canları, qanları bahasına döyüşən əsgər və zabitlərimiz məhz, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş oğul və qızlarımızın qanını yerdə qoymadı. Vətən qarşısında onların xidməti danılmazdır. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Artıq şəhidlərimizin ruhu şaddır. Çünki bütün Qarabağın üzərində günəş öz şəfəqlərini saçır və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu gün hər bir Azərbaycan gənci də bu müstəqilliyi qorumaq, onu daha da inkişaf etdirmək istiqamətində çalışmalıdır. Fəxrlə demək olar ki, Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizdə bu missiyanı şərəflə daşıyacaq, Vətəninə, elinə qırılmaz tellərlə bağlı olan gənclik yetişmişdir.

Həmçinin, konfransda Azərbaycan Respublikası Prezidenti Administarisyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri İrfan Davudov, Milli Məclisin deputatı Şahin İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Qarabağ qazisi, ehtiyatda olan zabit, kapitan Anar Məmmədov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirilmə İctimai Birliyinin sədri Emin Həsənli, Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Miraləmli mövzu ətrafında çıxışlar etmişlər. Konfransda Naxçıvan gəncləri də daxil olmaqla, 500 nəfərə yaxın gənc iştirak etmişdir.

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
19.01.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020