Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclər Xatirə Muzeyini ziyarət ediblər

      Tarixi gerçəkliklərin öyrənilməsi, gənclərin vətənpərvərlik hisslərinin artırılması məqsədilə bir qrup könüllü gəncin iştirakı ilə Naxçıvan şəhərində yerləşən Xatirə Muzeyinə ekskursiya təşkil olunub. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan muzey ekskursiyasında 30-dan çox könüllü iştirak edib.

Muzeyin bələdçisi iştirakçıları adıçəkilən məkanın yaranma tarixi və ekspozisiyası haqqında məlumatlandırıb. Bildirilib ki, muzey ermənilər tərəfindən törədilən soyqırım qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılıb. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərin izləri muzeydə nümayiş olunan eksponatlarda öz əksini tapıb. Döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir.

Qeyd olunub ki, 20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə də erməni silahlılarının işğalçı hücumları olub. Xatirə Muzeyində Bakıda və Naxçıvanda baş verən həmin hadisələri əks etdirən çoxsaylı eksponatlar var. Həmçinin burada həmin hadisələr zamanı şəhidlik zirvəsinə ucalan Vətən oğullarının fotoşəkilləri, şəxsi əşyaları da nümayiş etdirilir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
19.01.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022