Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclərin iştirakı ilə “Hədəf” adlı atış təlimi keçirilib

      “Naxçıvan” Mərkəzi Təlim Mərkəzində reallaşan təlimdə ali və orta ixtisas təhsili müəssisələrindən 60-a yaxın gənc iştirak edib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva “Hədəf” atış təliminin önəmindən bəhs edərək deyib ki, layihə gənclər arasında ilkin hərbi bacarıqların və atıcılıq qabiliyyətinin formalaşdırılması proseslərinə mühüm töhfədir. Məqsədimiz gənc nəslin vətənpərvərlik ruhunu daha da yüksəltmək, müəyyən hərbi biliklərə və döyüş hazırlığına yiyələnməsinə şərait yaratmaqdır. Müzəffər Azərbaycan Ordusunda xidmət edən əsgər və zabitlərin, könüllərin 44 günlük müharibə dövründəki şüacaətini, qəhrəmanlığını xatırladan şöbə müdiri deyib ki, qazandığımız şanlı qələbə ilə yanaşı, hər an Vətənimizin müdafiəsinə hazır olmalı, sabitlik və inkişafın qorunması üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti İlham Məhərrəmov təlimin təhlükəsizlik qaydaları və icra olunacaq tapşırıqlar barədə məlumat verdikdən sonra gənclər təlim nöqtələrinə dəvət olunublar. Təlimdə avtomatın hissə və mexanizmləri, natamam sökülüb-yığılması, darağın doldurulub-boşaldılması və praktik atəş tapşırığının yerinə yetirilməsi həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə müvafiq qiymətləndirməyə əsasən, fərqlənən gənclərə fəxri fərmanlar təqdim edilib.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
20.04.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020