Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Basketbol Federasiyasının iclası keçirilib

      Naxçıvan Dövlət Universitetinin iclas zalında Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının iclası keçirilib.

Yığıncağın gündəliyində federasiyanın fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də yeni sədrinin seçilməsi olub.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclər bütün idman növlərinə maraq göstərirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbov 2020-ci il 1 fevral tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib, aid təşkilatlara konkret tapşırıqlar verilib, 14 fevral 2020-ci ildə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Proqramın icrası ilə əlaqədar artıq bir çox işlər həyata keçirilib Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən idman obyektləri və zallarında idmançıların mövcud idman qurğu və zallarından istifadələrinə hərtərəfli şəraitin yaradılması məqsədi ilə imkansız ailələrdən olan yeniyetmə və gənclərin ödənişsiz idmanla məşğul olmaları üçün şərait yaradılıb, federasiyalardan bu qəbildən olan idmançılar haqqında məlumatlar toplanılıb, onların sosial problemlərinin həlli üçün tədbirlərin görülməsi planlaşdırılıb. Muxtar respublikanın rayonlarında sadə tipli idman qurğularının yerləşdirilməsi üçün istirahət parklarında yerlər ayrılıb, Naxçıvan şəhərində Sahil Parkı salınıb, burada iki idman meydançası, tennis kortu və velosiped zolağı, Uzunoba gölünün ətrafında isə çimərlik futbolu meydançası tikilərək istifadəyə verilib.

Azad Cabbarov qeyd edib ki, Naxçıvanda idmana göstərilən diqqət və qayğının nəticəsidir ki, ilbəil medallarımızın sayı artır, muxtar respublikadan kənarda keçirilən birinciliklərdən idmançılarımız qalibiyyət sevinci ilə geri dönürlər. Belə ki, idmançılarımız 2020-ci ilin 6 ayı ərzində keçirilən ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirak edərək ölkə birinciliklərində 21, beynəlxalq turnirlərdə 17 olmaqla 38 medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədr müavini Turan Həsənov çıxışında vurğulayıb ki, Ali Məclis Sədrinin təşəbbüs və qayğısı ilə 2002-cı ildə Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının əsası qoyulub. Federasiya basketbol idman növü üzrə yüksək səviyyəli idmançılar hazırlamaq, mütəxəssıslərin ixtisaslarını artırmaq, muxtar respublikanm yığma komandasına cəlb edilmiş federasiya üzvlərinin müvafıq çempionatlarda, həmçinin beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış etməsi üçün şərait yaratmaq kimi məsələləri də özünün əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirib. Dövlət proqramından irəli gələn vəzifələri həyata keçirmək üçün Basketbol Federasiyasının İcraiyyə Komitəsində müzakirələr aparılıb, yeni fəaliyyət planı hazırlanıb. Buna qədər federasiya tərəfindən bir sıra tədbirlər həyata keçirilib.

Turan Həsənov bildirib ki, bütün bunlara baxmayaraq, idmançıların Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda iştirakı təmin edilməyib, muxtar respublikaya təcrübəli məşqçilərin dəvət olunması, onların yerli idmançı və məşqçilərə seminarları təşkil olunmayıb, heç bir beynəlxalq turnir və ya yoldaşlıq görüşü təşkil edilməyib.

Sonra Azad Cabbarov çıxış edərək bildirib ki, uşaq, yeniyetmə və gənclərin basketbol idman növünə cəlb edilməsi üçün maddi-texniki baza möhkəmləndirilib, bir sıra tədbirlər həyata keçirilib. Buna baxmayaraq, federasiya işini günün tələblərinə uyğun qurmayıb, yaradılan şəraitdən düzgün istifadə etməyib. Eyni zamanda federasiyanın idmançıları Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda iştirak etməyiblər.

Sonra Azad Cabbarov Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasına sədrliyinə namizədliyini irəli sürüb.

Təklif yekdilliklə qəbul olunub və Elbrus İsayev federasiyasının sədri seçilib.

Basketbol Federasiyasının sədri seçiməsinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirən Elbrus İsayev vurğulayıb ki, muxtar respublikamızda idman və idmançılara hərtərəfli dövlət qayğısı nəticəsində uşaq, yeniyetmə və gənclərin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. İdman sahəsinə göstərilən davamlı dövlət qayğısı nəticəsində muxtar respublikada yeni idmançı nəsli formalaşıb və bu sahədə Naxçıvan müxtəlif beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir. Muxtar respublikada idman dəyərlərinin qorunması, idmançılar üçün ideal mühitin yaradılması, uşaq və gənclərin sağlam həyat tərzi yaşamasının təmin edilməsi məqsədilə uğurlu idman siyasət həyata keçirilir.

Elbrus İsayev qeyd edib ki, Naçxıvan Dövlət Universiteti muxtar respublikada idmanın inkişafı, istedadlı gənc kadrların hazırlanması üçün müəyyən addımlar atır. Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən idman siyasəti, bu sahədə görülən işlər və tədbirlər muxtar respublikada geniş vüsət alaraq fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrini də əhatə edir. Universitetimizdə 300 tamaşaçı tutan, beynəlxalq standardatlara uyğun ölçülərə malik 1 basketbol zalı, bir məşq üçün pedaqoji fakültədə qapalı zal, bir universitet stadionunda açıq basketbol meydançası fəaliyyət göstərir. Universitetdə idman klubunun xətti ilə basketbol məşğələsi də fəaliyyət göstərir. Hər il Universitetin daxili birinciliyi keçirilir. Bu yarışda Universitetin bütün fakültələrinin komandaları iştirak edir. Eyni zamanda müxtəlif vaxtlarda universitetimizin basketbol komandası İran İslam Respublikasında və Türkiyə Cumhuriyətində tələbələr arasında keçirilən beynəlxalq turnirlərdə də öz güclərini sınayıblar.

Federasiya sədri bildirib ki, muxtar respublikada basketbolun inkişafı üçün zəruri baza vardır. Mövcud şəraitdən səmərəli istifadə ediləcək, basketbolun kütləviliyinə nail olunacaq, idmançıların ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirakı təmin ediləcəkdir.

Sonra gündəlikdə duran məsələlərlə əlaqədar qərar layihəsi oxunub.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov yekunda yığıncaq iştirakçıları adından idmanın inkişafına yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib, Elbrus İsayevi Basketbol Federasiyasının sədri seçilməsi münasibətilə təbrik edib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
20.08.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020