Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan Atıcılıq Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

      Federasiyanın sədri Səhət Həbibbəyli muxtar respublikada atıcılıq idman növünün inkişaf etdirilməsi, bu sahədə kütləviliyin artırılması istiqamətində 2021-ci il ərzində görülmüş işlərlə bağlı məlumat verib. Vurğulanıb ki, atıcılıq idman növünün muxtar respublikada təbliği, atıcılıq idman klublarının fəaliyyətinin genişləndirilməsi, idman infrastrukturunun yenidən qurulması və yeni idman avadanlıqlarının alınması istiqamətində işlər davam etdirilib. Atıcılıq Mərkəzinin peyntbol meydançasında yeni maneələr qurulub, stend atışı üçün meydança müasir tələblərə tam uyğunlaşdırılıb, ərazidə abadlaşdırma işləri aparılıb, iaşə xidmətinin göstərilməsi təmin olunub. Federasiyanın şəhər və rayon bölmələrinin fəaliyyətinin artırılması, perspektivli idmançıların müəyyən olunaraq inkişaf etdirilməsi istiqamətində işlər görülüb. 2021-ci ildə atıcılığın stend, TİR, oxçuluq növləri, peyntbol, həmçinin çöxnövçülük üzrə ümumilikdə 15 idman yarışı keçirilib, qalib idmançılar və komandalar mükafatlandırılıb.

Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikamızda idman və idmançılara dövlət qayğısının ən yüksək səviyyədə olduğunu deyən gənclər və idman naziri Ramil Hacı bildirib ki, nazirlik idmanın inkişafı və təbliğinə nail olmaq üçün muxtar respublikanın bütün idman federasiyaları ilə qarşılıqlı fəaliyyət göstərir. Məlumat verilib ki, 2021-ci il ərzində nazirlik tərəfindən bədən tərbiyəsi və idman sahəsi üzrə 189 tədbir keçirilib. Ötən il muxtar respublika idmançıları üçün yaddaqalan və əlamətdar olub. Belə ki, ölkə və dünya səviyyəli yarışlarda qazanılan 27 qızıl, 32 gümüş və 23 bürünc medal əyarına görə Naxçıvan idmanı tarixində ən yüksək göstəricidir.

Atıcılıq Federasiyasının fəaliyyəti haqqında danışan nazir deyib ki, 2013-cü ildə yaradılan Naxçıvan Atıcılıq Federasiyası ötən ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Qeyd olunub ki, muxtar respublikada uğurla icra olunan dövlət idman siyasəti nəticəsində yaranan davamlı inkişaf tempi, qazanılan uğur və nailiyyətlərə baxmayaraq qarşımızda mühüm vəzifələr dayanır. İdman federasiyaları və aidiyyəti qurumlarla birgə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işlərin davam etdirilməli olduğunu vurğulayan Ramil Hacı dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqların diqqətə çatdırıb. Nazir çıxışının sonunda qarşılıqlı əməkdaşlıq və fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına inamını ifadə edib.

Federasiyanın Şərur şəhərində fəaliyyət göstərən “Ümid” Atıcılıq Klubunun sədri Nicat Mahmudovun ötən ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi dinlənilib. Atıcılıq Federasiyasının sədr müavini Vasib Abdullayev 2022-ci il üçün müyyən olunmuş illik iş planı barədə məlumat verib.

Sonra Naxçıvan şəhərindəki “Hədəf” və “Qələbə”, Şərur şəhərindəki “Ümid”, Culfa şəhərindəki “Uğur” və Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki "Zəfər” Atıcılıq İdman klublarının fəaliyyətinin genişləndirilməsi, rayon gənclər və idman idarələri ilə qarşılıqlı fəaliyyətin təmin olunması, rayondaxili yarışların keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

İclasa yekun vuran Səhət Həbibbəyli bildirib ki, Atıcılıq Federasiyası muxtar respublikamızda idmana göstərilən qayğıdan bəhrələnərək öz fəaliyyətini daha da gücləndirəcək, atıcılıq idman növləri üzrə kütləviliyin artırılması, yeniyetmə və gənclərin idmana cəlbi, perspektivli idmançıların müəyyənləşdirilərək yarışlara hazırlanması, gənclərdə hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində səylərini artıracqdır.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
21.01.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022