Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













İntellektual yarışmada uğur qazanan gənclər mükafatlandırılıblar

      Naxçıvan MR Gənclər və İdman Nazirliyində “Xəmsə” Milli İntellektual Oyunu üzrə XIII Azərbaycan çempionatının ikincisi olan “Diplomat” komandasının üzvləri ilə görüş keçirilib.

Gənclər və İdman naziri Azad Cabbarov gəncləri təbrik edərək bildirib ki, qazanılan nəticə muxtar respublikada aparılan gənclər siyasətinin uğurla icra olunmasından xəbər verir. Gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Dövlətimizin bu sahəyə qarşı həssas münasibəti, yaradılan əlverişli şərait istedadlı gənclərimizin müxtəlif sahələrdə uğurla təmsil olunması, Vətənə, xalqa, dövlətçiliyə ləyaqətlə xidmət etməsinə əsaslı zəmin yaradır. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndirilməsi, onların fəxri adlarla, qiymətli hədiyyələrlə mükafatlandırılması muxtar respublika gənclərinin öz üzərlərində daha səylə çalışmalarına güclü təkan verir.

Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif formatda keçirilən intellektual oyunların önəmindən bəhs edən Azad Cabbarov vurğulayıb ki, yarışmalar gənclərimizin bilik və dünya görüşünün zənginləşməsində müstəsna rola malikdir. Uğur qazanan komandalarımızın ölkə birinciliklərində iştirakı davamlı olaraq təmin olunur. Sevindiricidir ki, ölkə miqyasında əldə olunan uğurlarımızın siyahısına daha biri əlavə olundu. Buna qədər təmsilçilərimiz “Axtar tap”, “Vətəni tanı”, “Nə? Harada? Nə zaman?” və “Poliqon” intellektual oyunlarının mükafatçıları sırasına düşüblər. İnanıram ki, gələcək yarışlara da əzmlə, böyük ruh yüksəkliyi ilə hazırlaşacaqsınız.

Komandaya uğurlar arzulayan Azad Cabbarov gəncləri nazirlik adından təşəkkürnamə və hədiyyələrlə mükafatlandırıb.

“Diplomat” komandasının üzvləri göstərilən qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, intellektual yarışmada muxtar respublikanı Naxçıvan Universiteti İdarəetmə fakültəsinin dekan müavini Tural Məmmədzadə və Naxçıvan Dövlət Universitetinin tələbələri Qulu Əlisoy, Əli Əliyev, Fərid Hacıyev, Zamin İbrahimov təmsil ediblər.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
21.04.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020