Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclər “Vətən naminə” hərbi-idman oyununda

      Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən hərbi-idman oyunu mərhələli şəkildə Naxçıvan Atıcılıq Mərkəzi və “N” saylı hərbi hissənin idman şəhərciyində reallaşıb. Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Sənan Bədəlov, Atıcılıq Federasiyasının sədr müavini Vasib Abdullayev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti İlham Məhərrəmov çıxış edərək bildiriblər ki, dövlətimiz tərəfindən gənclərin Vətənə məhəbbət, xalqa, elə-obaya, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması məsələsinə daim böyük məsuliyyətlə yanaşılır. Muxtar respublikada uğurla həyat keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclərin vətənpərvər ruhda tərbiyə olunması, onlara vətənpərvərlik hisslərinin aşılanması, həmçinin yeniyetmə və gənclərin ordu sıralarına hazırlanmasıdır. Çıxış edənlər Müzəffər Azərbaycan Ordusunda xidmət edən əsgər və zabitlərin, könüllülərin 44 günlük Vətən müharibəsi dövründəki şüacaətini, qəhrəmanlığını xatırladaraq qeyd ediblər ki, hər an Vətənimizin müdafiəsinə hazır olmalı, sabitlik və inkişafın qorunması üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.

İştirakçılara qaydalar barədə məlumat verildikdən sonra mübarizəyə start verilib. Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Ordu, Atıcılıq Federasiyası və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən birgə təşkil olunan yarışa 100-ə yaxın gənc qatılıb. Hərbi-idman oyunu “Darağa patron doldurulması”, “Avtomatın natamam sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açılması”, “Fiziki hazırlıq” (100 metr məsafəyə qaçış, turnikdə dartınma), “Maneələrin dəf olunması” mərhələlərindən və peyntbol yarışından ibarət olub.

Hakimlər heyəti tərəfindən hər bir komandanın mərhələlər üzrə topladığı xallar cəmlənərək yekun nəticə çıxarılıb. Naxçıvan Dövlət Universitetinin "Qələbə" komandası 19.5 xallıq göstərici ilə oyunun qalibi adına layiq görülüb. Naxçıvan Tibb Kollecinin "Təbib" komandası 16.5 xalla ikinci olub. Aktivində 13.5 xal olan Naxçıvan Müəllimlər İnstitutunun "Gənc müəllimlər" komandası isə üçüncü sıarada qərarlaşıb.

Komandalar və üzvləri təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlarla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
21.05.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020