Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Mən və siz” kitabının onlayn təqdimat keçirilmişdir

      21 avqust 2020-ci il tarixdə gənc yazıçı Aynur Oruclunun “Mən və siz” kitabının gənclər üçün onlayn təqdimatı keçirilmişdir.

Əvvəlcə çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov bildirmişdir ki, yeni start verilmiş “Gənc yazıçıların onlayn kitab təqdimatı” layihəsinin keçirilməsində məqsəd gənclərin intellektual səviyyələrinin, dünyagörüşünün yüksəldilməsi, onlarda elmə, biliyə marağın artırılması, asudə vaxtlarının səmərəli təşkili, gənc yazıçıların və onların kitablarının tanıdılması və təbliğindən ibarətdir. Daha sonra yazıçı Aynur Oruclu gənclərə müəllifi olduğu “Mən və siz” kitabı haqqında məlumat verərək bildirmişdir ki, kitab 2018-ci ildə “Başlanğıcdan sona qədər bir dəyişim kitabı” devizi ilə 300 tirajla çapdan çıxmışdır. Bəzən insan yaşadığı həyatı dəyişmək istəyər, amma bunu necə bacaracağını bilməz. Özünüinkişaf və motivasiya mövzusunda olan bu kitab məhz həmin insanlara istiqamət göstərəcəkdir. Hardan başlamalı, necə davam etməli və sonda nəyi anlamalı olduğunu izah edəcək. Kitab haqqında ümumi məlumat verən yazıçı gənclərə mütaliənin faydaları və özünütəkmilləşdirmədə kitabların rolu haqqında da fikirlərini bildirmişdir.

Müzakirə əsnasında gənclər də kitab haqqında öz fikir və təəssüratlarını bildirmiş, həmçinin onlar üçün maraqlı olan motivasiya və özünüinkişafla bağlı sualları yazıçıya ünvanlamışlar. “Zoom” proqramı vasitəsilə təşkil olunan və 35 nəfər gəncin iştirak etdiyi tədbir Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
21.08.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020