Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilmişdir

      Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclası Gənclər və İdman naziri Azad Cabbarov açaraq məruzə edib.

Bildirilib ki, avqustun 12-də “Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilən tapşırıqlara əsasən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən idman müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə edilməsi, israfçılığa yol verilməməsi, istehlak olunan qazın və enerjinin dəyərlərinin vaxtında ödənilməsi daim diqqətdə saxlanılmalıdır. Payız-qış mövsümündə mədəni-kütləvi və idman tədbirlərinin dayanıqlı keçirilməsi təmin olunmalıdır. Buna görə də, Nazirliyin strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələri və idman müəssisələrinin, idman obyektlərinin, olimpiya idman komplekslərinin, uşaq-gənclər idman məktəblərinin üzərinə bir sıra mühüm vəzifələr düşür.

Payız-qış mövsümündə İlham Əliyev adına Olimpiya İdman Kompleksi, Şərur Olimpiya İdman Kompleksi, Naxçıvan Muxtar Respublika Stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Naxçıvan şəhər “Gənclik Mərkəzi”ndə və Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində yeniyetmə və gənclərin idmanla müntəzəm məşğul olması, kütləvi-mədəni və idman tədbirlərinin keçirilməsi üçün istilik, elektrik sistemi və su təchizatına nəzarətin gücləndirilməli olduğunu vurğulayan nazir həmçinin, idman müəssisələrində mövcüd şəraitə uyğun yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işlərinin aparılması və idmançıların tibbi müayinədən keçirilməsi işləri nəzarətdə saxlanılmalı olduğunu diqqətə çatdırıb.

Azad Cabbarov qeyd edib ki, təsərrüfathesablı idman müəssisələrində əldə olunmuş gəlirlərdən elektrik enerjisi və qaz xidməti haqlarının ödənilməsində istifadə olunmalı, bu istiqamətdə nöqsanların baş verməməsinə ciddi diqqət yetirilməlidir. Payız-qış mövsümünə hazırlığın əsas məsələsi kimi Nazirliyin, o cümlədən nazirliyin tabeliyində və strukturuna daxil olan təşkilatların yerləşdiyi inzibati binaların mühafizəsinə ciddi nəzarət olunmalı, gözətçilər və ocaqçılar müvafiq olaraq təlimatlandırılmalı, bu dövr ərzində əlaqədar təşkilatlarla əməkdaşlıq möhkəmləndirilməli, tədbirlərə aidiyyəti təşkilatların nümayəndələri dəvət edilməlidir. Nazirliyin strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələri yeniyetmə və gənclərin payız-qış mövsümündə də idmanla müntəzəm məşğul olmaları, idman yarışlarında iştirak etmələri üçün yaradılmış şəraitdən düzgün istifadə etməlidirlər. Kütləvi informasiya vasitələri ilə əlaqələr daim diqqət mərkəzində olmalı, keçirilən bütün tədbirlərin televiziya, qəzet və sosial şəbəkələrdə işıqlandırılması təmin edilməlidir.

İclasda İlham Əliyev adına Olimpiya İdman Kompleksinin direktoru Ramil Hacı, Naxçıvan Şəhər Üzgüçülük Mərkəzinin direktoru Ramin Talıbov və Şərur Olimpiya İdman Kompleksinin direktoru Ramil Dadaşovun məruza ətrafında çıxışları dinlənilib.

Gündəlikdə duran məsələlərlə bağlı qərar layihəsi təsdiq olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
21.08.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020