Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Voleybol Federasiyasında yığıncağı olub

      Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncağı olub.

Tədbiri giriş sözü ilə açan Voleybol Federasiyanın sədr müavini Aydın Mirzəyev bildirib ki, federasiya ötən il işini günün tələbləri səviyyəsində quraraq bu idman növünün inkişafı və kütləviliyinə nail olunması istiqamətində bir sıra işlər görüb. Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində komandanın maddi­texniki bazası gücləndirilib. Voleybol üzrə yığma komandamız həftənin beş günü İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məşqlərini davam etdirib.

Vurğulanıb ki, Voleybol Federasiyası tərəfindən muxtar respublika üzrə 2019-cu il ərzində 1 çempionat, 1 turnir, 3 muxtar respublika birinciliyi, 8 rayon birinciliyi, 20 yoldaşlıq görüşü, ümumilikdə 33 idman tədbiri keçirilib. Eyni zamanda, federasiyanın yeniyetmələrindən 2000-ci il təvəllüdlü yeniyetmə voleybolçularından Uğur Qədimov və Mirhasil Seyidov Azərbaycanın yeniyetmələrdən ibarət voleybol üzrə yığma komandasına dəvət alıblar. Hazırda təlim-məşq toplanışlarında iştirak edirlər və Avropada keçirilən yarışlarda Azərbaycanı təmsil edirlər.

Federasiyanın sədr müavini çıxışının sonunda həyata keçirilən tədbirlərin federasiya ilə Gənclər və İdman Nazirliyinin birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd edib, dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqların bundan sonra da layiqincə yerinə yetiriləcəyinə, eyni zamanda yığma komandanın tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görüləcəyinə əminliyini bildirib.

Yığıncaqda çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidov qeyd edib ki, muxtar respublikamızda idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir.

Məcid Seyidov bildirib ki, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası da 2019-cu ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Muxtar respublikamızda 4537 idmançı 314 qrupda bu idman növü ilə məşğuldur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublikamızda 2002-ci ildə yaradılan Voleybol Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirib. Belə ki, Kəngərli, Şahbuz, Culfa, Şərur, Babək rayon birincilikləri, Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində “Naxçıvan Muxtar Respublikası-95” devizi altında kişilər arasında Naxçıvan Muxtar Respublika açıq birinciliyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turniri, “10-17 noyabr-Beynəlxalq Tələbə Gənclər Həftəsi” nə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında birincilik, İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərinin oğlan və qız komandaları arasında muxtar respublika çempionatı və bir sıra yoldaşlıq görüşləri keçirilib, federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə gəzintiləri və “Ağbulaq İstirahət Mərkəzi”ndə “Yay Məktəbləri” təşkil olunub.

Sonra məşqçilərin fikir və təklifləri dinlənilib.

Sonda çıxış edənlər yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
22.01.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020