Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan Futbol Federasiyasında iclas keçirilib

      Naxçıvan Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran məsələlərlə bağlı iclas keçirilib.

İclası giriş sözü ilə açan Futbol Federasiyasının sədri Azad Cabbarov gündəlikdə duran məsələlərlə yığıncaq iştirakçılarını məlumatlandırıb.

Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev çıxış edərək vurğulayıb ki, Ali Məclisin Sədri tərəfindən nazirlik və digər dövlət qurumlarının qarşısına konkret tapşırıqlar qoyulub. Muxtar respublikada bütün idman növlərinin inkişaf etdirilməsi, müxtəlif növlər üzrə muxtar respublika birinciliklərinin keçirilməsi, ölkə və beynəlxalq səviyyəli yarışların təşkil olunması, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, mövcud stadionlardan səmərəli istifadə, eyni zamanda stadionların yenidən qurulması işinin davam etdirilməsi, idman infrastrukturunun qorunması və ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarətin gücləndirilməsinə aid tapşırıqlar bu sahəyə bağlı olan qurumlar üçün yeni bir istiqamət olub. Futbol Federasiyası da qeyd olunan amilləri öz fəaliyyət planına daxil edərək bu istiqamətdə yoluna davam edir. İyul ayındakı struktur dəyişikliyindən etibarən federasiyamızda muxtar respublikada futbolun yüksəlişinə xidmət edəcək 5 illik plan və strategiyanın təsdiqi ilə yeni bir mərhələnin əsasını qoyuldu. Regionda futbolun inkişafı, kütləvi hal alması üçün federasiyanın qarşısında duran əsas məsələ uşaq futbolu ilə bağlıdır. Azyaşlılar arasında liqalarının təşkil olunması, həvəsləndirici və maarifləndirici layihələrin hazırlanması, məşqçilərin təkmilləşmə kurslarına cəlb olunması və digər zəruri addımların atılması hədəfi uşaq futbolunun yaxın 5 ildəki inkişaf perspektivini müəyyən etdi. Proqrama uyğun olaraq bu müddət ərzində alt yaş qruplarında yetişən istedadlı futbolçular əsas komandaya cəlb olunacaqlar. Uşaq futbolu ilə yanaşı, ümumi inkişafa xidmət edəcək məsələlər də proqramda öz əksini tapır. Plana uyğun olaraq ötən dövr ərzində bununla bağlı məqsədyönlü addımlar atılıb.

Naxçıvan Futbol Federasiyasının böyük məşqçisi, “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun baş məşqçisi Əsgər Abdullayev çıxışında diqqətə çatdırıb ki, komandanı formalaşdırmaq, yeni mövsümə hazırlamaq və muxtar respublikada istededlı futbolçuları üzə çıxarmaq məqsədilə “Araz-Naxçıvan”ın heyətinə bir sıra dəyişikliklər edilib. Seleksiya məqsədilə keçirilən məşqlərdə 35-ə yaxın futbolçu ayrı-ayrı günlərdə məşqlərdə iştirak edib. Bu müddət ərzində “Araz-Naxçıvan” 9 oyun keçirib və bunların hamısında meydanı qələbə ilə tərk edib. Naxçıvan Muxtar Respublika çempionatında qış fasiləsinin olmasına baxmayaraq, komanda məşqlərini davam etdirir. Aparılacaq məşqlərdən sonra komanda Türkiyədə 2 yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Geridə qoyulan zaman ərzində Azərbaycanın aşağı yaş millilərinin məşqçiləri ilə danışıqlar aparılıb və cari ildə 1 futbolçumuz – Pərvin Rüstəmov U-19 və U-21 millilərinə tövsiyyə olunub. Əsas komanda ilə yanaşı, əvəzedici komandanı yaratmaq üçün də işlər davam etdirilib. Belə ki, Naxçıvan Muxtar Respublika Stadionunda 2000-2005-ci il təvəllüdlü futbolçuların seleksiya məşqləri aparılıb.

Əsgər Abdullayev qeyd edib ki, bu müddət ərzində Şərur, Kəngərli və Culfa rayonlarında keçirilən məşqlərdə iştirak edilib, məşqçilərlə söhbətlər aparılıb və onlara düzgün məşq keçmələri üçün AFFA-nın aşağı yaş qrupları üçün tərtib etdiyi elit-məşq kitabları təqim edilib. Geridə qoyduğumuz müddət ərzində veteran futbolçularla görüşlər keçirilib, onlar Sizin razılığınızdan sonra “Araz” Veteranlar Klubu Azərbaycan Veteranlar Şurasına məktub ünvanlayıb.

Naxçıvan Futbol Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Emil Səmədov və Futbol Federasiyası Hakimlər Komitəsinin sədri Elmar Rzayev çıxışlarında görülən işlər barədə məlumat veriblər.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında muxtar respublikamızda da idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir” - , deyən Naxçıvan Futbol Federasiyasının sədri Azad Cabbarov vurğulayıb ki, muxtar respublikamızın bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturu fonunda, gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublika ərazisində yaradılan bütün idman federasiyaları ilə birgə fəaliyyət göstərir və bu sahədə dövlət siyasətinin tənzimləməsini həyata keçirir. İdmanın ən qədim növlərindən biri olan futbol idman növü ötən il Naxçıvan Muxtar Respublikasının idman həyatında kütləviliyi və qazanılan uğurları ilə idman ictimaiyyətinin diqqət mərkəzində olub. Naxçıvan Futbol Federasiyası üçün 2019-cu il bir çox əlamətdar hadisələrlə yadda qalıb. Struktur dəyişikliyindən sonra edilən yeni təyinatların açıqlanması ilə bərabər 5 illik inkişaf proqramı da təsdiq olunub.

Federasiya sədri diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası XVII və XVIII Futbol Çempionatının dövrə oyunları oynanılıb, Şərur Olimpiya İdman Kompleksində U-10, U-11, U-12, U-13, U-14 liqalarının və “Coca-Cola Məktəbli Kuboku” oyunları keçirilib. 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə “Araz-Naxçıvan” Futbol Klubunun veteran futbolçuları ilə Azərbaycan Futbol Veteranları İttifaqının üzvləri arasında yoldaşlıq görüşü keçirilmiş, muxtar respublikada fəaliyyət göstərən dövlət və özəl təşkilatlar arasında ilk dəfə futzal liqası və 2019/2020-ci il futzal mövsümündə “Badamlı Naxçıvan Kuboku” uğrunda yarışa start verilib. Muxtar respublikada fəaliyyət göstərən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin futbol biliyinin artırılması məqsədi ilə “D” kateqoriyalı məşqçi kursu, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birincilikləri, futbol hakimləri üçün seminarlar, Şərur Olimpiya İdman Kompleksində 13-14 yaşlı futbolçulardan ibarət Naxçıvan yığmasının təlim-məşq toplanışı keçirilmiş, 13-14 yaşlı futbolçular arasında “Nakhchivan CUP-95” beynəlxalq turnirində “Araz-Naxçıvan” futbol klubunun iştirakı təmin edilmiş, Bakı şəhərindən dəvət olunmuş təcrübəli hakimlər tərəfindən muxtar respublika hakimləri üçün təlim-məşqlər keçirilib. Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Pedaqoji Fakültədə təhsil alan tələbələrlə hakimlik kursu keçirilib, Gənclər və İdman Nazirliyi tərəfindən 200 ədəd futbol topu alınaraq Naxçıvan Futbol Federasiyasının yerli bölmələrinə göndərilib, muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən futbol bölmələrində çalışacaq məşqçilərin təyinatı üzrə iclaslar təşkil olunub. Görülən işlərin nəticəsidir ki, artıq federasiyada hakimlərin sayı 30-a çatdırılıb.

“Bütün bu həyata keçirilmiş tədbirlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə və məqsədyönlü fəaliyyətinin nəticəsidir” – deyən Azad Cabbarov dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulmuş tələb və tapşırıları 2020-ci ildə də uğurla icra etməyə çalışacaqlarını diqqətə çatdırıb, yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

Sonra məşqçilərin fikirləri və təklifləri dinlənilib.

İclasda eyni zamanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası referi statusu alan Elvin Quliyevə, Rauf Muradova, Mətin Səfərova, Həsən Nəsirova, Nicat Qurbanova, Orucəli Orucova və Elmar Rzayevə nişanlar təqdim olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
22.01.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020