Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində
intellektual yarışma keçirilib

      Layihənin proqramına əsasan Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikada təhsil alan tələbələr üçün muzey gəzintisi təşkil olunub.

Ardınca isə onlar “Nə? Harada? Nə zaman?” İntellektual Oyununda iştirak ediblər. Oyun üçün tərtib olunan suallar məhz, ekskursiyalarda verilən məlumatlarla bağlı olub. İştirakçılar Naxçıvan şəhərində yerləşən muzeylərdə olublar. Heydər Əliyev Muzeyindən başlanan ekskursiya “Xalça”, C.Naxçıvanski, “Milli Dəyərlər” və “Ədəbiyyat” muzeylərində davam edib. Bələdçilər tərəfindən muzeylərin yaradılma tarixi, aid olduğu şəxsiyyətlərin həyat və fəaliyyəti, nümayiş olunan eksponatları haqqında ətraflı məlumat verilib, iştirakçıların sualları aidiyyəti üzrə cavablandırılıb.

Ekskursiya bitdikdən sonra Naxçıvan Tibb Kolleccində “Nə? Harada? Nə zaman?” İntellektual Oyununa start verilib. İntellekt yarışında ali və orta ixtisas təhsili müəssisələrini təmsil edən 5 komanda mübarizə aparıb. Hər komandanın heyətində 5 oyunçu olub. 2 turdan ibarət yarışda mövzu ilə bağlı 24 sual səsləndirilib. Oyunda topladıqları xal və ümumi reytinq göstəricisi bərabər olduğundan üstünlüyə malik iki komanda üçün daha bir neçə sual əlavə olunub. Nəticədə Naxçıvan Dövlət Universitetinin “Qarabağ” komandası ümumi hesabda önə keçərək qalib gələn tərəf olub. Naxçıvan Universitetinin “İstiqlal” və Naxçıvan Texniki Kollecinin “Zirvə” komandaları müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.

Naxçıvan MR Gənclər və İdman Nazirliyi, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkil etdiyi bilik yarışının sonunda ilk üçlükdə qərarlaşan komandalara və üzvlərinə diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
22.04.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020