Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclərin iştirakı ilə kitab müzakirəsi təşkil olunub

      “Görüş yeri” kafesində Cəlil Məmmədquluzadənin oxunması zəruri olan kitablar siyahısına daxil edilən “Hekayələr” kitabının müzakirəsi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyi tərəfindən birgə təşkil olunan tədbirə onlayn qeydiyyatdan keçən gənclər qatılıb.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva çıxışında bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Oxunması zəruri olan kitabların Siyahısı”na uyğun olaraq gənclər arasında davamlı olaraq kitab müzakirələri təşkil edilir. Siyahıda Mirzə Cəlil hekayələrinin yer alması ədibin irsinə verilən ən yüksək qiymətin təzahürüdür. Görkəmli ziyalımızın ali dəyərlərlə zəngin irsi şübhəsiz ki, gənclərimiz üçün də örnəkdir, həyat təcrübəsidir.

Ədibin həyat və yaradıcılığı ilə bağlı məlumatları diqqətə çatdıran AMEA Naxçıvan Bölməsinin əməkdaşı - filologiya üzrə fəlsəfə doktoru, gənc yazıçı Nərgiz İsmayılova kitabla bağlı düşüncələrini, təhlili fikirlərini gənclərə çatdırıb. Qeyd edilib ki, millətin sivil inkişafı, maarifin yüksəlməsi, vətəndaşların hüquqlarının qorunması və ölkənin müstəqillik qazanması amalı ilə yaşayan Mirzə Cəlil istər ölməz əsərlərində, istərsə də “Molla Nəsrəddin” jurnalında daim böyük ideoloq kimi çıxış edib. Ədibin ustalıqla yazılan və bir sıra məsələlərdə hələ də aktuallığını itirməyən hekayələri, onların mövzuları və personajları geniş müzakirə olunub.

Müzakirələrdə yaxından iştirak edən gənclərin “Hekayələr”lə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Kitab müzakirəsinin təşkil olunma məqsədi Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rolu olmuş böyük yazıçı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin zəngin yaradıcılığını gənclərin daha dərindən öyrənməsi və təhlil etməsi, onların bilik dairəsinin inkişaf etdirilməsi, nitq və tədqiqat bacarıqlarının aşkara çıxarılmasından ibarət olub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
22.06.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021