Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Sədərək voleybol üzrə muxtar respublika birinciliyinin qalibi olub

      Bu gün İlham Əliyev adına Olimpiya İdman Kompleksində qızlardan ibarət voleybol komandaları arasında Naxçıvan Muxtar Respublika açıq birinciliyinə yekun vurulub. Dünən start götürən yarışa şəhər və rayonlardan ümumilikdə 9 komanda qatılıb. Dairəvi sistem üzrə iki yarımqrupda oynanılan birincilikdə yüksək göstəriciyə nail olan 4 komanda yarımfinal mərhələsində mübarizəyə davam edib. Bu mərhələni qalib kimi tamamlayan "Sədərək" və "Culfa" komandaları həlledici final görüşündə bir-birinə rəqib olub. Qarşılaşmada üstün oyun nümayiş etdirən sədərəkli məktəblilər birinciliyin qalibi olub. Culfa təmsilçiləri ikinci yerdə qərarlaşıb. Üçüncülük oyununda "Naxçıvan-1" ilə görüşdə qələbə qazanan "Kəngərli" bürünc medallara sahib çıxıb.

Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov və Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev yarışın əhəmiyyəti barədə danışıb, maraqlı idman mübarizəsinə görə komandalara təşəkkürlərini ifadə ediblər.

İlk üçlükdəki kollektivlər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Sədərək voleybolçularına yarışın əsas mükafatı - kubok təqdim edilib.

Qeyd edək ki, regionda qadın voleybolunun inkişaf etdirilməsi, kütləviliyin təmin olunması və idmançıların oyun təcrübəsinin artırılması məqsədilə keçirilən birincilik Gənclər və İdman, Təhsil nazirlikləri və Voleybol Federasiyası tərəfindən birgə təşkil olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
22.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021