Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib

      Bu gün İlham Əliyev adına Olimpiya İdman Kompleksində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika birinciliyinin həlledici görüşləri keçirilib. Yeniyetmələr (2005-2007-ci illər) arasındakı yarışa 10 çəki dərəcəsi üzrə ümumilikdə 70-dən çox güləşçi qatılıb. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı final görüşlərini izlədikdən sonra mükafatlandırma mərasimində iştirak ediblər. İlk üçlükdəki idmançılara diplom, medal və hədiyyələr təqdim olunub.

Nəticələrə gəlincə, Tuqay Qəhrəmanlı (42 kq, Naxçıvan), Məhəmməd İsmayılov (45 kq, Naxçıvan), Namiq Əlizadə (48 kq, Naxçıvan), Yəhya Paşayev (51 kq, Naxçıvan), İlkar Əlican (55 kq, Naxçıvan), Elnur Məmmədov (60 kq, Naxçıvan), Onur Əlizadə (65 kq, Naxçıvan), Daşqın Rəsulov (71 kq, Şərur), Murad Hətəmli (80 kq, Şərur) və Süleyman Məmmədov (92 kq, Naxçıvan) öz çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Güləş Federasiyası tərəfindən birgə təşkil olunan birincilik muxtar respublikada sərbəst güləşin inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və perspektivlilərin aşkar edilərək yığma komandaya cəlb edilməsi məqsədi ilə keçirilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
22.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021