Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Qutadqu bilik” kitabının müzakirəsi keçirilmişdir

      23 iyun 2020-ci il tarixdə gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onlarda mütaliəyə marağın artırılması məqsədilə “Zoom” proqramı vasitəsilə oxunması zəruri olan kitablar siyahısına daxil olan “Qutadqu bilik” kitabının müzakirəsi keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov gənclərə mütaliənin faydaları barəsində məlumat vermiş, insanlarda mədəniyyət səviyyəsinin yüksəldilməsi üçün mütaliənin vacibliyini qeyd etmişdir. Bildirilmişdir ki, müəyyən dövr ərzində Nazirlik tərəfindən mütəmadi olaraq gənclərin iştirakı ilə onlayn şəkildə müxtəlif tədbirlər və kitab müzakirələri keçirilir. Daha sonra AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov “Qutadqu bilik” kitabı haqqında məlumat verərək bildirmişdir ki, kitab türk dünyasının şah əsəridir.

XI əsr türk mədəniyyətinin böyük mütəfəkkirlərindən Yusif Balasaqunlu bu əsəri yazmaqla insan həyatının mənasını təhlil edən və onun cəmiyyətdəki vəzifəsini təyin edən həyat fəlsəfəsi sistemini yaradıb. Dörd təməl - qanun, qut, ağıl və qənaət üzərində yazılan “Qutadqu-bilik” Gündoğdu, Aydoldu, Öydülmüş və Odqurmuş adlandırılan insanların söhbəti əsasında qurulub. Əsərin ilk 10 fəsli Tanrı və peyğəmbər, dörd xəlifə, Buğra xanın tərifi, ulduzlar, biliklə ağlın xüsusiyyətləri, yaxşılığın faydaları, dilin məziyyətləri və digər dərin fəlsəfi məna daşıyan məsələlərə ayrılıb. Dilçi alim qeyd edib ki, “Qutadqu-bilik”in dili türk dillərinin cənub-qərb qrupuna, yəni Oğuz qrupuna yaxındır. 6600 beytdən ibarət məsnəvi şəklində yazılmış poemada rübai formasından da istifadə olunub. Müəllif əsərdə folklor motivlərindən, xalq həyatı və məişəti ilə bağlı bədii obraz və bənzətmələrdən geniş istifadə edib. Bugünkü türkcədə “qut” səadət, xoşbəxtlik demək olduğundan Yusif Balasaqunlunun ana dilində yazdığı “Qutadqu-bilik” indi “Xoşbəxtliyə aparan elm” kimi tərcümə olunur. Sonda gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

25 nəfər gəncin iştirak etdiyi müzakirə Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
23.06.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020