Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Basketbol üzrə klublararası muxtar respublika birinciliyinə
yekun vurulub

      Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində ümumtəhsil məktəblərinin oğlanlardan ibarət klubları (VIII-XI siniflər) arasında muxtar respublika birinciliyi keçirilib. İki gün davam edən yarışa şəhər və rayonlardan ümumilikdə 8 komanda qatılıb. Olimpiya sisteminə əsasən qalib və mükafatçıların məlum olduğu mübarizədə bu gün üçüncülük və final qarşılaşmaları reallaşıb. Həlledici final qarşılaşmasında “Ordubad”ı üstələyən “Naxçıvan” yarışın qalibi olub. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin komandasını məğlub edən “Culfa” isə üçüncü sırada qərarlaşıb.

Yarışın mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından bəhs edərək bildirib ki, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasında bu sahəyə xüsusi önəm verilir. İllər ötdükcə yenilənən və müasirləşən idman infrastrukturu, bu sahəyə göstərilən diqqət və qayğı sayəsində əhalinin müxtəlif yaş qruplarının, əsasən də gənc nəslin idmana cəlbi uğurla davam etdirilir, müxtəlif turnir və birinciliklər keçirilir, istedadlı idmançıların ölkə və beynəlxaq miqyaslı yarışlarda iştirakı təmin edilir.

Basketbol Federasiyasınının sədri Elbrus İsayev idmanın bu növünün inkişafı istiqamətində görülən işlərdən bəhs edərək deyib ki, muxtar respublika rəhbərinin tövsiyyə və tapşırıqlarını əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirən federasiya bu yöndə işlərini davam etdirir. Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası və ixtisaslı kadrları bu prosesə cəlb olunmaqla əməli addımlar atılır. Gənclər və İdman Nazirliyinə hamiliyə verilən müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin basketbolun inkişafına da mühim töhfə verəcəklərinə inamını ifadə edən federasiya sədri deyib ki, müxtəlif metodik vəsaitlərin hazırlanması işi davam etdirilir və nəşr olunacaq kitablardan məktəblilərin yararlanması üçün də şərait yaradılacaq.

Nazir Ramil Hacı və federasiya sədri Elbrus İsayev çıxışlarının sonunda idmançıları təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıblar. Sonra mükfatlandırma olub. İlk üçlükdəki komandalar və üzvlərinə diplom, medal, kubok və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Gənclər və İdman, Təhsil nazirlikləri və Basketbol Federasiyası tərəfindən birgə təşkil olunan birincilik muxtar respublikada basketbolun inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və istedadlı oyunçuların müəyyənləşdirilərək yığma komandaya cəlb edilməsi məqsədi daşıyır.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
23.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021