Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan Kikboksinq Federasiyasında ötən ilin yekunları
və qarşıda duran vəzifələr müzakirə olunub

      İclası giriş sözü ilə açan federasiyanın sədri Xəyal Abdullayev bildirib ki, uşaq və yeniyetmələrin idmana cəlbi, gənc nəslin idmana təşviq edilərək zərərli vərdişlərdən uzaq tutulması, onların vətənpər ruhda böyüməsi, cəmiyyətə layiqli vətəndaş kimi yetişdirilməsi amilləri əsas tutulur. İdmançıların bu prinsiplər üzrə formalaşdırılması ilə yanaşı, onların peşəkar hazırlığı diqqət mərkəzində saxlanılır, yeni karyera imkanları və uğur yolunda tam dəstək nümayiş etdirilir. Ötən ilin federasiya üçün çox yaddaqalan və uğurlu olduğunu deyən Xəyal Abdullayev idmançıların təkcə kikboksinqdə deyil, digər döyüş idmanı növləri – universal döyüş, pankration, qrepplinq, MMA, uşu, hətta boks və güləş üzrə açıq birinciliklərdə iştirakına zəmin yaradıldığını və bununla da effektiv nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, federasiya idmançıları arasında ölkə, beynəlxalq və dünya səviyyəli yarışların qalib və mükafatçıları var və bu amil gələcəyə nikbin baxmağa əsas verir. Ötən il idmançıların ölkə və dünya səviyyəli yarışlarda iştirakı təmin edilib, federasiya idmançıları respublika miqyaslı birinciliklərində 21, dünya çempionatlarında 9 medal olmaqla ümumilikdə 30 müxtəlif əyarlı medal qazanıblar. Qazanılan fərdi uğurlarla yanaşı müasir fəaliyyət mexanizminə nail olmaq üçün xaricdə fəaliyyət göstərən idman təşkilatları ilə əməkdaşlıq əlaqələri qurulur, onların təşkilatçılıq təcrübəsinin muxtar respublikada tədbiqi və idmançılarımızın peşəkar arenalarda iştirakı ilə bağlı işlər görülür.

Federasiya sədri çıxışının sonunda yaradılan imkanlara görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirərək deyib ki, qazanılan uğurlara baxmayaraq kollektiv bundan sonra da əzmlə çalışacaq, göstərilən dəstək və etimadı layiqincə dəyərləndirəcəkdir.

Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikamızda idman və idmançılara dövlət qayğısının ən yüksək səviyyədə olduğunu deyən gənclər və idman naziri Ramil Hacı bildirib ki, nazirlik idmanın inkişafı və təbliğinə nail olmaq üçün muxtar respublikanın bütün idman federasiyaları ilə qarşılıqlı fəaliyyət göstərir. Məlumat verilib ki, 2021-ci il ərzində nazirlik tərəfindən bədən tərbiyəsi və idman sahəsi üzrə 189 tədbir keçirilib. Ötən il muxtar respublika idmançıları üçün yaddaqalan və əlamətdar olub. Belə ki, ölkə və dünya səviyyəli yarışlarda qazanılan 27 qızıl, 32 gümüş və 23 bürünc medal əyarına görə Naxçıvan idmanı tarixində ən yüksək göstəricidir.

Federasiyasının fəaliyyəti haqqında danışan nazir deyib ki, 2018-ci ildə yaradılan Kikboksinq Federasiyası ötən ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Qeyd olunub ki, muxtar respublikada uğurla icra olunan dövlət idman siyasəti nəticəsində yaranan davamlı inkişaf tempi, qazanılan uğur və nailiyyətlərə baxmayaraq qarşımızda mühüm vəzifələr dayanır. İdman federasiyaları və aidiyyəti qurumlarla birgə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işlərin davam etdirilməli olduğunu vurğulayan Ramil Hacı dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqların diqqətə çatdırıb. Nazir çıxışının sonunda qarşılıqlı əməkdaşlıq və fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına inamını ifadə edib.

Federasiya nümayəndəsi Ramal Yaqubov ötən il ərzində keçirilən tədbirlər haqqında hesabat xarakterli məlumatı diqqətə çatdırıb. Sonra gündəlikdə duran məsələlərlə bağlı hazırlanan qərar layihəsi təsdiq olunub. İclasda məşqçilərin fikir və təklifləri dinlənilib, bölmələrin fəaliyyəti, mövcud çatışmazlıqlar və gələcək istiqamətlər müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

2021-ci ildə uğurlu nəticələr əldə edən idmançılar – Sadiq Kərimov, Röya Abdullayeva, Fərid Məhərrəmov, Rəhim Əşrəfov, Miryusif Seyidbəyli və Əli Nəsrullayev diplom və hədiyyələrlə mükafatlandırılıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
24.01.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022