Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













İntellektual Oyun keçirilmişdir

      24 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər 3 №-li tam orta məktəbində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə şagirdlər arasında oxunması zəruri olan kitablar əsasında rus dilində “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilmişdir.

Oyun başlamazdan əvvəl Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov çıxış edərək oyunun keçirilməsində məqsədin muxtar respublikada yeniyetmələrin intellektual fəaliyyətə cəlb edilməsi, onların intellektual səviyyəsinin yüksəldilməsi və rus dilində keçiriləcən beynəlxalq yarışlarda muxtar respublikanı təmsil edəcək komandaların formalaşdırılması olduğunu bildirmiş, oyunda iştirak edən komandalara uğurlar arzulamış, şagirdləri və müəllimləri qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə təbrik etmişdir.

“Nə? Harada? Nə zaman?” İntellektual Oyunu 2 turdan ibarət olmaqla, hər turda 12 sual səsləndirilmişdir. Suallar Ernest Heminqueyin “Qoca və dəniz”, Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə”, “Avraam Linkolnun oğlunun müəlliminə məktubu” və “Atalar sözləri” kitabları əsasında hazırlanmışdır. Sonda daha çox suala düzgün cavab verən komandalar qalib hesab olunmuşlar. Belə ki, “Naslediye” komandası I yerə, “Oğuzlar” komandası II yerə, “Patriot” komandası isə III yerə çıxmışdır. Sonda qalib komandalara Gənclər və İdman Nazirliyi tərəfindən kubok və diplom, komanda üzvlərinə isə fəxri fərmanlar təqdim edilmişdir.

Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən oyunda 25 şagird iştirak etmişdir.

Oyun ərzində həmçinin, məktəbin şagirdləri tərəfindən hazırlanmış kompazisiyalar nümayiş olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
24.12.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020