Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Azərbaycan Gənclərinin IX Forumu keçirilib

      Dekabrın 24-də “Biz birlikdə güclüyük!” şüarı altında Azərbaycan Gənclərinin IX Forumu keçirilib. Onlayn şəkildə keçirilən forumda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ölkəmizin müxtəlif zonalarından Foruma nümayəndə seçilmiş gənclər, idmançılar, hərbçi gənclər iştirak ediblər.

Vətən müharibəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayan tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev forum iştirakçılarını salamlayıb.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra Azərbaycan Gənclərinin VIII Forumundan ötən müddətdə ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlər barədə hazırlanan videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev IX Forumun ölkəmiz üçün əlamətdar tarixdə - Qələbəmizin qeyd olunduğu ildə keçirilməsindən məmnunluğunu bildirib.

Forumda çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, bu gün dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir, gənclər muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edirlər. Muxtar respublikamızda gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği də diqqət mərkəzindədir. Hazırda muxtar respublika əhalisinin 165 min nəfərdən çoxunu, yaxud 35,8 faizini 14-29 yaşda gənclər təşkil edir. Onların yüksək səviyyəli təhsillə təmin olunmaları məqsədilə 212 ümumtəhsil məktəbi, Heydər Əliyev adına Hərbi Lisey, 26 Uşaq Musiqi və İncəsənət Məktəbi əsaslı təmir olunaraq və ya yenidən qurularaq istifadəyə verilib.

Nazir diqqətə çatdırıb ki, Naxçıvanda gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir, müxtəlif mövzularda tədbirlər keçirilir. Eyni zamanda son illər muxtar respublikada idmanın kütləviliyi diqqət mərkəzindədir. Muxtar respublikanın şəhər və rayonlarında olimpiya idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman məktəblərinin, şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və sadə tipli idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

“2020-ci ildə gənclərimizin qazandığı ən böyük uğur isə sözsüz ki, İkinci Qarabağ Müharibəsində göstərdikləri şücaət və qazandığımız tarixi qələbəmizdir” – deyən Azad Cabbarov vurğulayıb ki, bu qələbə Ali Baş Komandanımızın qətiyyəti, böyük siyasi iradəsi, Azərbaycan əsgərinin gücü, gənclərimizin özləri üçün hər şeydən üstün tutduğu Vətən sevgisidir. Azərbaycan əsgəri 44 günlük bu müharibədə bir zamanlar silahsız və köməksiz mülki əhaliyə divan tutan dırnaqarası “yenilməz erməni ordusu” mifini darmadağın etdi. Xalqımız üçün mədəniyyət və mənəviyyat mərkəzi sayılan Şuşanın azad olunması özlüyündə ordumuzun, əsgərlərimizin qəhrəmanlığının və Vətənə olan bağlılığının ən böyük sübutudur. Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın, öz sağlamlıqlarını itirən qazilərimizin hər biri ilə fəxr edirik, qürur duyuruq. Naxçıvan Vətən müharibəsində Azərbaycanın ən çox şəhid verən bölgələrindəndir! Heç şübhəsiz ki, Azərbaycanın və Naxçıvan gənclərinin bu cür vətənpərvərliyi, Vətənə, elə bağlılığı, hünəri, qorxmazlığı yaradılan şəraitin, aparılan dövlət gənclər siyasətinin bəhrəsidir.

Nazir çıxışının sonunda göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə muxtar respublika gəncləri adından minnətdarlığımızı bildirib və əmin edib ki, Naxçıvan gəncləri bundan sonra da hər sahədə fəal olacaq, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və inkişafı üçün əllərindən gələni əsirgəməyəcək, onlara göstərilən etimadı əldə etdikləri uğurlarla doğruldacaqlar.

Azərbaycan Gənclərinin IX forumunda Azərbaycan Respublikası Prezidenti Administarisyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədrini əvəz edən Milli Məclisin deputatı Ramin Məmmədov, Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Miraləmli və regionları təmsil edən gənclərin (alim, hərbçi və ya qazi, həkim, yaradıcı və s.) çıxışları dinlənilib.

Yekunda tədbirin qətnaməsi və IX Forumun iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Qeyd edək ki, gənclərin geniş iştirakını təmin etmək məqsədi ilə Forum ənənəvi olaraq 2 mərhələdə keçirilib: 2-18 dekabr tarixlərində zona toplantıları, 24 dekabr tarixdə isə Respublika toplantısı.

23 dekabr 2020-ci il tarixdə Bəhruz Kəngərli adına Sərgi Salonunda tələbələrdə vətənpərvərlik, Vətənə məhəbbət hisslərinin yüksəldilməsi, istedadlı gənclərin üzə çıxarılması, onların bacarıqlarının təkmilləşdirməsi üçün lazımi şəraitin formalaşdırılması və rəşadətli ordumuzun, qəhrəman əsgərlərimizin İkinci Qarabağ Müharibəsində nümayiş etdirdikləri şücaətin gənc rəssamların gözü ilə hər kəsə çatdırılması məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi keçirilmişdir.

Əvvəlcə Rəssamlar Birliyinin baş fond mühafizi Nizami Alıyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Cavid İsmayılov çıxış edərək bidirmişlər ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları nəticəsində 30 ilə yaxındır işğal altında olan ərazilərimizin böyük, həm də strateji əhəmiyyətli hissələri Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi, Azərbaycan əsgərinin gücü, ordumuzun qəhrəman övladlarının yüksək döyüş bacarıqları, eyni zamanda, xalqımızın həmrəyliyi, düşmənə qarşı birgə mübarizəsi sayəsində azad olundu. Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımız öz adlarını xalqın tarixi yaddaşına həkk etdilər. Biz bu gənclərimizin hər biri ilə fəxr edirik. Naxçıvan gənclərinin də Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlar, onların vətənpərvərliyi, Vətənə, elə bağlılığı, hünəri, qorxmazlığı burada yaradılan şəraitin, aparılan dövlət gənclər siyasətinin bəhrəsidir. Bu gün muxtar respublikada istedadlı və yaradıcı gənclərə də xüsusi qayğı göstərirlir və istedadları qiymətləndirilir. Təşkil olunmuş müsabiqəyə də məhz istedadlı gənclər tərəfindən rəşadətli ordumuzun, əsgərlərimizin İkinci Qarabağ Müharibəsində nümayiş etdirdikləri qəhrəmanlıqları əhatə edən 26 müəllifin 40 rəsm əsəri təqdim olunmuşdur. Çıxış edənlər sonda qalibləri təbrik etmiş və gəncləri keçirilən müsabiqələrdə fəal iştirak etməyə çağırmışlar. Müsabiqədə münsiflər heyəti tərəfindən Naxçıvan Dövlət Universitetinin tələbəsi Əsədova Türkan, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Qənbərova İnci qalib adına layiq görülmüşlər. Naxçıvan Dövlət Universitetinin tələbəsi Seyidova Fərqanə, Naxçıvan Tibb Kollecinin tələbəsi Bədirova Ruhanə II yerə, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Kərimova Gülnarə, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Tağıyev Elnur isə III yerə layiq görülmüşlər. Müsabiqənin qalibləri və digər iştirakçılar təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilmişlər.

Müsabiqə Gənclər və İdman Nazirliyinin, Rəssamlar Birliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
24.12.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020