Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Atıcılıq Federasiyasında yığıncağ keçirilib

      Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncağı keçirilib.

İclası giriş sözü ilə açan federasiyanın sədri Səhət Həbibbəyli bildirib ki, muxtar respublikada atıcılıq idman növünün inkişaf etdirilməsi, bu sahədə kütləviliyin artırılması üçün 2019-cu ilin əvvəlində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının tədbirlər planı və təqvim planı təsdiqlənib. Tədbirlər planına uyğun olaraq ötən il ərzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə çoxnövçülük, stend, TİR atıcılığı və peyntbol üzrə 13 idman yarışı keçirilib. Stend yarışlarında 59, TİR atıcılığı yarışlarında 123, peyntbol üzrə birinciliklərdə 230 və çoxnövçülük üzrə yarışlarda 80 idmançı, ümumilikdə 492 idmançı yarışlarda mübarizə aparıb.

Federasiya sədri diqqətə çatdırıb ki, geridə qoyduğumuz il atıcılıq idman növünün muxtar respublikada təbliği, rayonlarda atıcılıq üzrə idman klublarının yaradılması, idman infrastrukturunun yenidən qurulması və yeni idman avadanlıqlarının alınması istiqamətində mühüm işlər görülüb. Atıcılıq Mərkəzinin peyntbol meydançasında maneələr yenidən qurulub, stend atışı üçün meydança müasir tələblərə uyğunlaşdırılıb, TİR atıcılığı üçün yeni maneələr quraşdırılıb, müasir görkəmi ilə seçilən kafe istifadəyə verilib, ərazidə abadlaşdırma işləri aparılıb. Naxçıvan şəhərindəki Atıcılıq əyləncə mərkəzi yenidən təmir olunub, TİR atıcılığı üçün yeni maneələr quraşdırılıb, yeni oyun qurğuları alınıb. Şərur şəhərindəki Atıcılıq mərkəzinin fəaliyyəti yenidən təşkil olunub. Naxçıvan şəhərində fəaliyyət göstərən “Hədəf” və “Qələbə” Atıcılıq idman klubları ilə yanaşı, Şərur şəhərində “Ümid”, Culfa şəhərində “Uğur” və Kəngərli rayonunun Qıvraq qəsəbəsində “Zəfər” Atıcılıq idman klubları təsis edilib və onların idmançılarının muxtar respublika səviyyəli yarışlarda iştirakları təmin olunub.

Vurğulanıb ki, qızların atıcılıq idmanına cəlb olunması istiqamətində işlər görülmüş, təşkil olunmuş idman tədbirlərində 25 qız idmançının iştirakı təmin edilib. Federasiya tərəfindən keçirilən yarışlarda iştirak edənlərin nəticələri nəzərə alınaraq atıcılığın müxtəlif növləri üzrə “Naxçıvan” komandasının tərkibi müəyyənləşdirilib, onlar təlim-məşq toplanışlarına cəlb olunublar. Ötən ilin iyun ayında Sumqayıt Paralimpiya İdman Kompleksində təşkil olunan “Yeniyetmələrin 12-ci respublika oyunları”nda atıcılıq növündə muxtar respublikanın “Naxçıvan” komandası həm komanda hesabında, həm də şəxsi hesabda (Əsgər Cavadov) qalib adını qazanıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə muxtar respublikamızda idmanın inkişafına və idmançılara göstərdiyi qayğı ən yüksək səviyyədədir. Bunun ifadəsidir ki, diyarımızda gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Qürurvericidir ki, Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 179, beynəlxalq miqyaslı turnirlərdə 165, dünya səviyyəli yarışlarda 5, Avropa çempionatlarında 20 olmaqla, ümumilikdə, muxtar respublikadan kənar yarışlarda 369 medal qazanıblar.

Azad Cabbarov vurğulayıb ki, muxtar respublikada uğurla fəaliyyət göstərən idman federasiyalarından biri də 2013-cü ildə yaradılan Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasıdır. Federasiya da 2019-cu ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Atıcılıq Federasiyasının bölmə və qruplarında idmanın bu növü ilə 13 qrupda 195 nəfər məşğul olur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Atıcılıq Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirib. Belə ki, federasiyada struktur dəyişikliyindən sonra Atıcılıq Mərkəzində təmir-bərpa işləri aparılıb. Ötən il ərzində atıcılığın stend, peyntbol və tir növləri üzrə 13 muxtar respublika səviyyəli birinciliklər keçirilib, federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə gəzintiləri və Ağbulaq İstirahət Mərkəzində Yay Məktəbləri təşkil olunub.

İclasda 2020-ci ildə görüləcək işlər və keçiriləcək tədbirlər barədə məlumat verilib.

Yığıncağa yekun vuran federasiyanın sədri Səhət Həbibbəyli bildirib ki, muxtar respublika rəhbəri tərəfindən idmana göstərilən qayğıdan bəhrələnərək Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası fəaliyyətini təkmilləşdirməli, atıcılıq idman növləri üzrə kütləviliyin artırılması, perspektivli idmançıların müəyyənləşdirilərək yarışlara hazırlanması, gənclərdə hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi istiqamətində səyləri artırmalıdır. 2020-ci ilin tədbirlər planından irəli gələn məsələlərin həlli və təqvim planında nəzərdə tutlumuş müxtəlif idman yarışlarının təşkili yüksək səviyyədə həyata keçirilməlidir. Atıcılıq idman klubları fəaliyyətlərini gücləndirməli, əhatə etdikləri ərazilərdə atıcılıq üzrə yarışlar keçirməlidir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
25.01.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020