Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclərin iştirakı ilə kitab müzakirəsi keçirilmişdir

      25 yanvar 2020-ci il tarixdə Naxçıvan şəhərində yerləşən “Kitab kafe”də Teodor Drayzerin “Dahi” romanının müzakirəsi keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov çıxış edərək bildirmişdir ki, Ali Məclis Sədrinin Sərəncamına əsasən “Oxunması zəruri olan kitabların” siyahısına daxil olan kitablarla bağlı Nazirlik tərəfindən bir sıra tədbirlər keçirilir. Keçirilən tədbirlərin məqsədi gənc nəsildə vətənpərvərlik, tarixə, milli köklərə bağlılığın formalaşdırılması, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünün zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

Daha sonra AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, dil və ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Nərgiz İsmayılova çıxış edərək Teodor Drayzerin həyatı, yaradıcılığı və “Dahi” romanı haqqında ətraflı məlumat vermişdir. “Dahi” kitabının məziyyətlərindən danışan alim bildirib ki, dünya ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən olanTeodor Drayzer bu əsəri yazmaqla insan həyatının mənasını təhlil edir, yaşam uğrunda mübarizəsini göstərir. Müxtəlif təbiətli, fərqli dünyagörüşlü çoxsaylı obrazlar yaradan yazıçı əsərini sadə bir rəssamın həyat tərzi, yaradıcılığı, uğuru, sənətkarın mənəvi faciəsi üzərində qurub. Sənətkarın timsalında da Teodor Drayzer mükəmməl bir əsər yaradıb.

Sonra çay süfrəsi ətrafında kitabın müzakirəsi keçirilmiş, gənclər kitab haqqında öz fikir və təəssüratlarını bölüşmüş, onları maraqlandıran suallar cavablandırılmışdır. 20 nəfər gəncin iştirak etdiyi müzakirə Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
25.01.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020