Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan Hava və Ekstremal İdman Növləri Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

      “Federasiya fəaliyyətinin əsas məqsədi Naxçıvan Muxtar Respublikasında hava və ekstremal idman növlərinin inkişaf etdirilməsi, təbliği, gənclərdə bu sahəyə maraq oyadılması, onların vətənpərvərlik ruhunun yüksəldilməsi və zəngin Naxçıvan təbiətinin tanıdılmasıdır” deyən federasiya sədri Mayis Əliyev ötən il görülən işlər barədə danışıb. Qeyd olunub ki, 2021-ci il ərzində müxtəlif idman növləri üzrə təşkil edilən yarışlarda 250 idmançı, 12 məşqçi və 10 hakim iştirak edib. Rayon bölmələri ilə birlikdə bu say 950 idmançıya yaxındır. Heydər Əliyev Kuboku, 6 muxtar respublika birinciliyi, 24 rayon birinciliyi, Naxçıvan və qonşu ölkə alpinistlərinin iştirakı ilə Haçadağa yürüşlər təşkil olunub, Quba rayonu Qızıl qaya massivində yerləşən Heydər Zirvəsinə yürüşdə federasiyanın idmançısı da iştirak edib və diplomla mükafatlandırılıb.

Federasiyanın maddi-texniki bazasının zənginləşdirilməsi məqsədilə idman dırmanması divarında təmir işlərinin aparıldığını, idmançı və tamaşaçılar üçün örtülü oturacaq yerlərinin quraşdırıldığını deyən Mayis Əliyev əlavə edib ki, idman dırmanmasının çətinlik növü üzrə marşrut yaradılması məqsədilə Bakı şəhərindən dəvət edilmiş müstəqil dağçı-təlimçinin nəzarəti ilə divara dırmanma daşları yerləşdirilib, həmçinin mütəxəssis tərəfindən həmin növ üzrə təlim-treninq keçirilib.

Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikamızda idman və idmançılara dövlət qayğısının ən yüksək səviyyədə olduğunu və yaradılan maddi-texniki imkanlar sayəsində yeniyetmə və gənclərin bu sahəyə olan marağının gündən-günə artdığını deyən gənclər və idman naziri Ramil Hacı bildirib ki, nazirlik idmanın inkişafı və təbliğinə nail olmaq üçün muxtar respublikanın bütün idman federasiyaları ilə qarşılıqlı fəaliyyət göstərir və bu sahədə dövlət siyasətini həyata keçirir. Qeyd olunub ki, ötən il ərzində nazirlik tərəfindən bədən tərbiyəsi və idman sahəsi üzrə 189 tədbir keçirilib, eyni zamanda Naxçıvan idmançıları tərəfindən ölkə və dünya arenalarında ümumilikdə 82 medal qazanılıb. Bunlardan 27-si qızıl, 32-si gümüş və 23-ü bürünc medaldır və bu Naxçıvan idmanı tarixində medalların əyarına görə qazanılan ən yüksək göstəricidir.

Ramil Hacı vurğulayıb ki, muxtar respublika idmanında davamlı inkişaf, qazanılan uğur və nailiyyətlərə baxmayaraq qarşımızda mühüm vəzifələr dayanır. İdman federasiyaları və aidiyyəti qurumlarla birgə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilməlidir. Gənc nəslin, əhalinin, xüsusən də sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi, bu sahədə kütləviliyin artırılması, idmanın müxtəlif növləri üzrə muxtar respublika, ölkə və beynəlxalq səviyyəli yarışların təşkili, idmançılarımızın irimiqyaslı yarışlarda iştirakı təmin edilməlidir. Xarici əməkdaşlıq əlaqələri artırılmalı, digər ölkələrdə uğurla sınaqdan keçmiş təcrübələr tədbiq edilməli, təcrübəli mütəxəssislərin Naxçıvana dəvət olunması davam etdirilməlidir.

Federasiyanın sədr müavini Azər Məmmədov ötən il ərzində keçirilən tədbirlər haqqında hesabat xarakterli məlumatı diqqətə çatdırıb. Sonra gündəlikdə duran məsələlərlə bağlı hazırlanan qərar layihəsi təsdiq olunub.

Sonda Mayis Əliyev bildirib ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”, o cümlədən bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı keçirilən müşavirə zamanı Ali Məclis Sədrinin proqram xarakterli çıxışında göstərilən iradlar və verilən tapşırıqları əsas götürərək çalışacağıq ki, cari ildə federasiyanın fəaliyyətini daha da genişləndirək. Federasiya sədri bu istiqamətdə yerinə yetiriləcək işləri bölmə rəhbərləri və məşqçilərin diqqətinə çatdırıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
25.01.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022