Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Onlayn kitab müzakirəsi keçirilmişdir

      Gənclərin iştirakı ilə onlayn kitab müzakirəsi keçirilmişdir. 24 aprel 2020-ci il tarixdə "Zoom" proqramı vasitəsilə "Kitabi-Dədə Qorqud dastanı və milli-mənəvi dəyərlər" mövzusunda onlayn kitab müzakirəsi keçirilmişdir.

AMEA Naxçıvan Bölməsinin Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Leyla Səfərova çıxış edərək bildirmişdir ki, kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları XI yüzillikdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmışdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri – alman şərqşünası Fridrix fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.

Müzakirə əsnasında gəncləri maraqlandıran suallar cavablandırılımışdır.

20 nəfər gəncin iştirak etdiyi müzakirə Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf” Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
25.04.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020