Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan Dövlət Universitetində görüş keçirilib

      Naxçıvan Dövlət Universitetində Gənclər və İdman Nazirliyinin hamiliyinə verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

Görüşdən öncə universitetin idman muzeyində nümayiş olunan eksponatlara baxış keçirilib. Məlumat verilib ki, 2000-ci ildə yaradılan muzeydə universitet tələbələrinin muxtar respublika, ölkə və beynəlxalq miqyaslı idman yarışlarında qazandığı kubok, fəxri fərman, diplom və suvenirlər, həmçinin aidiyyatı fotoşəkillər nümayiş etdirilir.

Tədbirdə çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev deyib ki, müvafiq ixtisasların hamiliyə verilməsi bədən tərbiyəsi və idman sahəsində də ixtisaslı kadrların keyfiyyətli təhsil alması ilə bərabər, təcrübə və bacarıqlarının, karyera imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Universitetdə müasir idman infrastrukturunun yaradılmasını, yeni idman ixtisaslarının əlavə olunmasını bu sahəyə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirən rektor idman sahəsinə aid müxtəlif metodik vəsaitlərin hazırlanması, idmançı kadrlar yetişdirilməsi ilə bağlı həyata keçirilən işlər barədə məlumat verib. Elbrus İsayev vurğulayıb ki, yaradılan şərait nəticəsində idmançı tələbələrimiz, məzunlarımız ilbəil yeni uğurlar qazanır, bu sahədə məşqçilik, hakimlik, müəllimlik və başqa ixtisaslar üzrə səmərəli fəaliyyət göstərirlər. Rektor universitetin müəllim heyətinin yeni kadrların hazırlanmasında böyük əmək sərf etdiyini diqqətə çatdırıb və bu işdə onlara uğurlar arzulayıb.

Bədən tərbiyəsi və idmana muxtar respublikamızda yüksək əhəmiyyət verildiyini, bu iki vacib sahənin inkişafına daim diqqət və qayğı ilə yanaşıldığını deyən Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 iyul 2015-ci il tarixli Sərəncamına əsasən muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin bir sıra ixtisasları müvafiq təşkilatlara hamiliyə verilib. Sərəncama uyğun olaraq, “Bədən tərbiyəsi və idman”, “Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi” ixtisasları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin hamiliyinə verilib. Sərəncamla bağlı icra olunan işlər barədə danışan Nazir qeyd edib ki, tələbələrin xizək təlimi, “Hədəf” atış təlimi və “Vətən naminə” hərbi-idman oyununda, futbol və futzal hakimliyi ilə bağlı seminar və kurslarda iştirakı təmin edilib. Hazırda 15 tələbə hakimlik fəaliyyəti ilə məşğuldur.

Sonra bədən tərbiyəsi və idman kafedrasının müdiri Əvəz Tağıyev və I kurs tələbəsi Əlişan Rəhimov universitetin idman mühiti, cari tədris ilində keçirilən tədbirlər və qazanılan uğurlar haqqında məlumat verib, göstərilən qayğıya görə müəllim və tələbələr adından muxtar respublika rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Öz uğurları ilə fərqlənən tələbələrdən Hüseyn Məmmədzadə, Abbas Məmmədov, Əlişan Rəhimov, Canpolad Ələsgərov və Yusif Salmanov Nazirlik tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar. Tədbirin sonunda tələbələrin ixtisas hazırlığının, nümunəvi tədrisinin təşkilinə dəstək olmaq məqsədilə universitetə verilən yeni idman avadalıqlarının təqdimatı olub.

Qeyd edək ki, 1 dəst güləş döşəyi, 2 boks kisəsi və 2 güləş müqəvvası tələbələrin istifadəsinə verilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
25.06.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021