Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil olunub

      “Görüş yeri” kafesində “26 İyun - Silahlı Qüvvələr Günü" münasibətilə keçirilən görüşdə qazilərimiz - baş leytenant Roman İbrahimov, leytenant Cövdət Əliyev, baş gizirlər Sahil Əsgərov, Amil Məmmədov, kiçik gizir Hüseyn Hacıyev və çavuş Məhəmməd Əhmədov iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Azadə Əliyeva Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi barədə danışaraq deyib ki, haqq mübarizəmizin şanlı zəfərlə başa çatması Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi və bacarığı, qətiyyətli mövqeyi, qəhrəman əsgər və zabitlərimizin rəşadəti sayəsində mümkün olub. Həmçinin, dövlət-xalq-ordu birliyi qələbənin əsas səbəblərindən biridir. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə gedən fəal mübarizəmizin sonunda tarixi ədalət bərpa olundu. Bu yolda igidlik göstərən bütün hərbçilərimizə ali xidmətlərinə görə minnətdarlıq edir, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Baş gizir Sahil Əsgərov çıxış edərək deyib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması ölkəmizin müstəqil dövlət quruculuğu tarixində mühüm nailiyyətdir. Ordumuz hər zaman üzrərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirib. 27 sentyabr 2020-ci ildə Ali Baş Komandanın “döyüş əmri" ilə başlanan Vətən müharibəsində ordumuz tarix yazdı, haqq uğrunda mübarizə əzmini, döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Xalqına qələbə sevinci yaşadan, Vətən uğrunda canlarından keçən şəhidlərimizlə, qazilərimizlə bir sözlə, Azərbaycan əsgəri ilə qürur duyur, onlarla fəxr edirik.

Gəncləri maraqlandıran sualların cavablandırıldığı görüşdə hərbçilərimiz döyüş xatirələrini bölüşüb, Vətən - yurd eşqi ilə yaşamağın, ölkəmizin müstəqilliyinə xidmət etməyin qürurverici olduğunu vurğulayıblar.

Nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva qazilərimizi əlamətdar gün münasibətilə təbrik edib, tədbirdə iştirak etdikləri üçün təşəkkürünü ifadə edib. Onlara bu münasibətlə təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, görüş Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və "Gənc Vətənpərvərlər" İctimai Birliyi tərəfindən birgə təşkil olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
25.06.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021