Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvanda ilk dəfə olaraq “C” kateqoriyalı məşqçi kursu keçirilir

      Futbol Federasiyası bu ənənəni davam etdirəcək... Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu gün Naxçıvanda idman ən yüksək səviyyədə inkişaf etməkdədir. “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirələrdə və “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda bu sahənin inkişafı ilə bağlı qarşıya konkret məqsədlər qoyulub. Dövlət proqramına uyğun olaraq muxtar respublikaya təcrübəli məşqçilərin dəvət edilməsi, məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin təşkili Gənclər və İdman Nazirliyi ilə aidiyyəti qurumların diqqət mərkəzindədir. Son olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə “C” kateqoriyalı məşqçilik kursunun keçirilməsi bunun bariz nümunəsidir. Şərur Olimpiya İdman Kompleksində AFFA-nın Maarifləndirmə şöbəsinin rəhbəri Aslan Kərimov, təlimatçılardan Osman Rəhimov və İlham Əzizzadənin iştirakı ilə təşkil olunan kursda muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi iştirak edir.

Hədəflərinə doğru irəliləyən gənclər

Bu kurs digərlərindən öz missiyasına, əhatə dairəsinə görə çox fərqlənir. Ümumiyyətlə, futbol sahəsində çalışanların vəzifəsi, məsuliyyəti daha ağır olur. Onlar Azərbaycan futbolunun inkişafı, gələcəyi naminə karyeralarını daim təkmilləşdirən şəxslərdir. Əsas məqsədləri istedadlı kadrlar hazırlayıb futbolumuza öz töhfələrini verməkdir. Futbol mütəxəssislərinin dediyi kimi: “Məşqçi olmur, məşqçi doğulur”. Bu şərəfli missiyanı üzərlərinə götürən məşqçilərlə söhbətləşmək, kursun iş prinsipləri ilə maraqlanmaq üçün Şərur rayonuna yollandıq.

Müasir standartlara cavab verən Şərur Olimpiya İdman Kompleksində bu yola yeni başlayan məşqçilər üçün hər bir şərait yaradılıb. Kurs haqqında məlumat verən Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev bildirdi ki, əsas məqsəd muxtar respublika futbolu üçün yüksəkixtisaslı, təcrübəli kadrlar hazırlamaqdır: “15 nəfərin iştirak etdiyi kursa AFFA-nın Maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov rəhbərlik edir. Məşqçilərin bilik və bacarıqlarının artırılması, uşaq futbolunda lisenziyalı məşqçilərin fəaliyyətinə zəmin yaradılması məqsədilə keçilən kurs Avropanın ali futbol qurumu – UEFA tərəfindən təyin edilən plan, proqrama uyğun olaraq istiqamətlənib. Mərhələlərlə davam edəcək kursun ilk günlərində mütəxəssislər məşqçiliklə bağlı nəzəri biliklərini bölüşdülər. Mövzuya uyğun məsələlərlə bağlı sual-cavab, yazılı tapşırıqlar aparıldı. Eyni zamanda məşqçilər tərəfindən iştirakçılara lövhələr vasitəsilə mövzuların detalları izah edildi. “C” kateqoriyalı məşqçi kursu Naxçıvanda ilk dəfə təşkil olunur və buna maraq hədsizdir. Federasiya tərəfindən belə kurslar mütəmadi şəkildə keçiriləcək və muxtar respublikanın şəhər və rayonlarında yaşayan təcrübəli futbol adamları kurslara dəvət olunacaq”.

Kursda bir gün...

Günün ilk yarısında iştirakçılar Şərur Olimpiya İdman Kompleksinin stadionunda praktik məşqdə iştirak etdilər. Öncə kurs iştirakçılarına məşqin planlaması, məşq prosesi zamanı onların nə etməli olduqları izah edildi. Günün planına uyğun olaraq iki mövzuda sınaq məşqləri keçirildi – topun sinə ilə qəbulu və aparılması, ayağın üstü ilə qapıya zərbələr. Həmçinin sınaq məşqində məşqçilərin meydanda davranışı, məşqin istiqamətləndirilməsi, məşqçinin komandaya rəhbərliyi və vəzifələri ilə əlaqədar bəzi nüanslar diqqətə çatdırıldı.

Günün ikinci yarısında isə iştirakçılara futbolun texniki tərəfləri, eyni zamanda məşqçinin rolu haqqında zəruri məlumatlar verildi. Hər bir detalına kimi gənc məşqçiləri nəzəri məşğələlərdə məlumatlandıran mütəxəssislərin iştirakçılar tərəfindən verilən sualları tam izahı ilə onlara çatdırması da diqqətdən yayınmadı.

“Təlim-məşq bazasının tikintisi böyük bir addımdır”

Kompleksin mehmanxanasında məskunlaşan məşqçilər gün ərzində 2 dəfə nəzəri və praktik məşğələlərdə iştirak edirlər. Keçirilən məşqlər barədə AFFA-nın Maarifləndirmə şöbəsinin rəhbəri Aslan Kərimovun fikirlərini öyrəndik: “Futbolun inkişafı üçün bütün bölgələrdə işlər görülür. Naxçıvan Futbol Federasiyasının dəvəti ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən muxtar respublikada da məşqçi kurslarına start verilib. Ümumiyyətlə, futbolun inkişafı 3 istiqamətdə gedir – infrastruktur, kütləvilik və maarifləndirmə. Yaxşı futbolçular yetişdirmək üçün yaxşı məşqçilər olmalıdır. “C” kateqoriyalı məşqçi kursları indiyə kimi hər zaman Bakı şəhərində təşkil olunurdu. Bu ildən artıq bütün regionlarda keçiriləcək. Sentyabr ayının 21-dən etibarən ilk dəfə olaraq Naxçıvanda bu kurs təşkil edildi. Burada kateqoriya kursunu keçirmək üçün hər cür şərait var. Düşünürəm ki, belə bir şəraitdə işimiz yaxşı gedəcək və qısa vaxt kəsiyində inkişaf özünü göstərəcək”.

Aslan Kərimov onu da bildirdi ki, kurs, ümumilikdə, 3 moduldan ibarət olacaq. İlk modulda nəzəri baxımdan interaktiv bilgilər paylaşılacaq. UEFA-nın da təkidi ilə öyrətmə prosesi yalnız reallığa əsaslanmalıdır. Biz də bu üsulla çalışırıq. Bu nə deməkdir? Məşqçilər, əslində, işlədiyi yerdə öyrənməlidir. Yəni yalnız auditoriyada, zalda danışmaqla heç nə bitmir. Bizim də ilk modulumuz nəzəriyyəni meydanda tətbiq etməkdir. Naxçıvanda kursun Şərurda təşkil olunması daha əlverişlidir. Çünki qaldığımız və nəzəriyyə keçdiyimiz kompleksin stadionu var – orada danışırıq, burada isə öyrətdiklərimizi praktik olaraq həyata keçiririk. İkinci modulda isə iştirakçılar özləri sərbəst şəkildə aşağı yaş qrupları – 10-12 yaşlılarla məşq keçməyə çalışacaqlar. Keçirilən məşqlərdə biz də onlara hər hansı bir məsələdə köməklik göstərəcəyik. Son modulda isə iştirakçılardan – gənc məşqçilərdən praktik, şifahi və yazılı imtahan götürüləcək. Yekunda imtahanda uğur qazanan iştirakçılar “C” kateqoriyası alacaqlar.

AFFA-nın Maarifləndirmə şöbəsinin rəhbəri ümid edir ki, kursda iştirak edənlərin əksəriyyəti kateqoriya alacaq. Lakin əsas məsələ kursda iştirak etmək və təcrübə qazanmaqdır. Lisenziya oldu və ya olmadı, əsas məqsəd məşqçilərin biliklərini təkmilləşdirməkdir. Muxtar respublikanın bölgələrində istedadlı uşaqlar çoxdur və məqsəd kursda iştirak edən gənc məşqçilərin onları düzgün yönləndirməsidir. O deyir: “Bu, Naxçıvana ikinci səfərimdir. İlk dəfə gələrkən bura haqqında məndə tam başqa təəssürat yaranmışdı. İndi isə hər şey fərqlidir. Gəldiyimiz gün Uzunoba gölü ətrafında yeni inşa edilən təlim-məşq bazasında olduq. Bu, böyük bir addımdır. İnfrastrukturun tikintisi hər şeydən önəmlidir. Çünki şərait olmayan yerdə inkişafdan, kütləvilikdən danışa bilmərik. Yalnız bundan sonra məşqçilərin maarifləndirilməsinə önəm verilməlidir ki, artıq Naxçıvan Futbol Federasiyası AFFA ilə birgə bu istiqamətdə işlər görür. Gələcəkdə belə bir planımız var ki, lisenziyalar artıq Naxçıvan Muxtar Respublikasında verilsin. Planımızda Bakı şəhərində təlimatçıların kursunu təşkil etmək və o kursa Naxçıvan nümayəndəsini də dəvət etmək var. Həmin kursda, seminarda iştirak edənlərə sertifikat təqdim edək. Daha sonra onlar artıq Naxçıvanda kurslar keçməyə başlasın. Bu təkcə Naxçıvana yox, gələcəkdə bütün bölgələrimizə şamil edəcəyimiz plandır.

Sonra kurs iştirakçılarının da fikirlərini öyrəndik:

Elvin Əsədullayev (kurs iştirakçısı): “Kurs çox maraqlı keçir. Nəzəri təlimlərlə yanaşı, kompleksin stadionunda öyrəndiklərimizi əyani tətbiq etmək imkanı əldə edirik. Burada hər bir vəsaitlə təmin olunmuşuq, nəzəri dərslər müasir texniki avadanlıqlardan istifadə edilməklə keçilir. Müasir futbol qaydalarını, eyni zamanda məşqçilikdə günün tələblərinə cavab verən elementləri dərindən öyrənməyə çalışıram. Dəvət olunan futbol mütəxəssislərinin dediklərini bütün dərinlikləri ilə öyrənməyi qarşıma məqsəd qoymuşam”. Seymur Əliyev (kurs iştirakçısı): “Belə bir kursun muxtar respublikamızda təşkili çox yaxşı addımdır. İlk olaraq iştirakçılar adından təşkilatçılara minnətdarlığımı bildirirəm. Bu, başqa bir sistem, başqa təcrübədir. Belə mütəxəssislərdən futbolun sirlərini öyrənmək bizim gələcək karyeramız üçün əla başlanğıcdır. Nəzəri məşğələlərdə çalışdığımız qədər çox öyrənib onları praktik olaraq həyata keçiririk. Mütəxəssislər praktik məşğələlərdə öyrəndiklərimizi hər bir detalına kimi bizə çatdırır, məşq proseslərinin necə aparılmasını öyrədirlər”.

Qeyd edək ki, “C” kateqoriyalı məşqçi kursu mərhələlərlə 3 həftə davam edəcək və sonda hər bir iştirakçıdan imtahan götürüləcək. Kursu uğurla başa vuran gənc məşqçilərə UEFA-nın məşqçilik üçün “C” kateqoriyalı lisenziyaları təqdim olunacaq ki, bu kateqoriyanı alan hər bir məşqçi dünyanın istənilən ölkəsində futbol məşqçisi kimi çalışa bilər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
25.09.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020