Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Güləş Federasiyasının iclası keçirilmişdir

      Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr mövzusunda iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan Güləş Federasiyasının sədri Azər Zeynalov muxtar respublikada idmanın inkişafı istiqamətində aparılan dövlət siyasətinin uğurlarından danışmışdır. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə yaradılan idman federasiyaları, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri idmanın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. İdmanın inkişafına göstərilən dövlət qayğısının davamlılığını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir.

Vurğulanmışdır ki, muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarından biri də Güləş Federasiyasıdır. 19 il bundan əvvəl – 2002-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən ötən müddət ərzində güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülmüşdür. Federasiyada yunan-roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə bölmələr yaradılmış və bu bölmələrdə, ümumilikdə, 101 qrupda 1449 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edirlər.

Azər Zeynalov qeyd etmişdir ki, 2020-ci ildə federasiya tərəfindən şəhər və rayon birincilikləri təşkil olunmuş, yarışların qaliblərinə diplom və hədiyyələr verilmişdir. Həmçinin idmançıların beynəlxalq yarışda iştirakı təmin edilmişdir. 2020-ci il ərzində Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları 1 beynəlxalq, 2 respublika turnirində iştirak etmiş, 5 medal qazanmışlar.

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov 2020-ci ildə görülən işlər və keçirilən yarışlar barədə məlumat vermişdir.

Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov isə çıxışında vurğulamışdır ki, nazirlik muxtar respublikamızda 2002-ci ildə yaradılan Güləş Federasiyası ilə birgə idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişdir. Ötən il Naxçıvan güləşçiləri respublika və beynəlxalq miqyaslı turnirlərdən 5 medal qazanmışlar. Muxtar respublikamızın şəhər və rayonlarını əhatə etməklə, ötən il ərzində 1449 idmançı, 101 fərqli qrupda idmanın bu növü üzrə keçirilmiş hazırlıqlarda, təlim-məşq proseslərində iştirak etmişlər.

Sonra gündəlikdə duran məsələlərlə bağlı qərar layihəsi qəbul edilmişdir.

Güləş Federasiyasının sədri Azər Zeynalov 2021-ci ildə görüləcək işlərlə bağlı tapşırıqlar vermişdir. Bildirilmişdir ki, 2021-ci ildə güləş idman növlərini inkişafı davam etdirilməli, bu sahədə kütləviliyə nail olunmalı və idman nailiyyətlərini yüksəltmək məqsədilə fəaliyyət daha da gücləndirilməlidir. Federasiyanın 2021-ci il üçün hazırladığı Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin vaxtında icrası təmin edilməlidir. İdmançıların ölkə və beynəlxalq yarışlara hazırlıq səviyyəsi artırılmalı, güləşin bütün növləri üzrə yarışlar təşkil olunmalıdır. Məşqçilər peşəkarlıq səviyyəsini artırmalıdır. Bu məqsədlə tanınmış məşqçilərin muxtar respublikaya dəvət edilməsi, burada seminar və məşğələlər keçirmələri diqqətdə saxlanılmalıdır. Muxtar respublikada daxili yarışların keçirilməsi təmin edilməli, güləş idman növlərinin şəhər və rayonlarda kütləviliyinə və inkişafına nail olunmalıdır. Federasiyanın bölmələri fəaliyyətlərini gücləndirməlidir. Gənclərin bölmələrə cəlbi, eləcə də bölmələrarası güləş yarışlarının keçirilməsinin təşkili diqqətdə saxlanılmalı, rəqabət mühiti formalaşdırılmalıdır. Yarışlarda yüksək nailiyyətlər əldə edən idmançılar həvəsləndirilməlidir. İstedadlı gənclərin məlumat bankı yaradılmalı və hər yarışdan sonra yenilənməlidir.

Çıxışının sonunda Azər Zeynalov muxtar respublikada idmanın inkişafına, idmançıların hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıya görə federasiya adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirmişdir.

İclasda 2020-ci ildə yüksək nəticə göstərmiş idmançılar və məşqçi-müəllimlər Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən mükafatlandırılmışlar.

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
26.01.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020