Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Nizami dünyası” teatr müsabiqəsinin qalibləri bəlli olub

      Ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında keçirilən müsabiqənin mükafatlandırma mərasimi Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində reallaşıb.

Mərasimdən öncə Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Tahir Məmmədli, Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev və müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev çıxış edərək bildiriblər ki, muxtar respublikada teatrların fəaliyyətinə hərtərəfli dövlət qayğısı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, teatr binaları yenidən qurulmuş və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Bildirilib ki, Ali və orta ixtisas təhsil müəssisələrində teatr studiyalarının yaradılması, həmin təhsil ocaqlarında teatr sənətinə olan marağın artması sevindiricidir. Görkəmli söz ustadı, Azərbaycan və dünya ədəbiyyatı tarixində silinməz izlər buraxan Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan “Nizami dünyası” teatr müsabiqəsi də Naxçıvanda teatr sənətinin inkişafına dəyərli töhfə olacaq, istedadlı gənclərin zövqünün formalaşmasına təsir edəcək, onların professional teatr sənətinə marağını artıracaq. Çıxış edənlər yaradıcı gənclərin formalaşmasına, elecə də teatr sənətinin yaşadılmasına və inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Çıxışların ardından mükafatlandırma mərasiminə başlanılıb. Yekun qiymətləndirməyə əsasən Naxçıvan Dövlət Universitetinin komandası müsabiqənin qalibi adına layiq görülüb. Musiqi Kolleci və Müəllimlər İnstitutunun teatr studiyaları müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar. “Naxçıvan” Universiteti və Naxçıvan Dövlət Texniki Kollecinin təmsilçilər fəal iştiraka görə təltif ediliblər. Qalib və fərqlənən komandalar diplom, plaket və hədiyyələrlə mükafatlandırlıblar.

Sonra qalib komandanın hazırladığı “Xeyir və Şər” tamaşası nümayiş olunub. Tamaşanın ardından komandaları təbrik edən NDU-nun rektoru Elbrus İsayev müsabiqənin önəmindən bəhs edib, təşkilatçılara təşəkkürünü bildirib. O deyib ki, tələbələrimizin ən kiçik uğuru belə bizim üçün böyük qələbədir. Sevinirik ki, muxtar respublikada bu sahənin inkişafı istiqamətində icra olunan işlər öz bəhrəsini verir.

Qeyd edək ki, 3 aya yaxın davam edən müsabiqə Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi müsabiqə “Nizami Gəncəvi İli”nin qeyd olunması, şairin əsərlərində qeyd olunan insan səadəti, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət kimi əhəmiyyətli ideyaların gənclərə təbliğ edilməsi, tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaradılması, istedadlı gənclərin üzə çıxarılması məqsədilə keçirilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
26.05.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020