Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclərin “Yay məktəbi” – Şəxsi inkişaf, komanda ruhu
və innovativ istiqamətlər

      Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirak etdiyi sonuncu mərhələ ilə Ağbulaq İstirahət Mərkəzində təşkil olunan ənənəvi yay məktəbləri sona çatdı. İyul ayından etibarən start götürən düşərgə tipli layihə fasilələrlə 5 dəfə reallaşdı. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan Yay məktəblərində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, könüllü gənclər və kursantlar olmaqla ümumilikdə 200-dən çox gəncin iştirakı təmin olundu. Gənclərin səmərəli istirahətini təşkil etməklə onların yeni bacarıqlara, intellektual və innovativ biliklərə yiyələnməsinə, sağlam və vətənpərvər ruhda formalaşmasına zəmin yaratmaq məqsədilə keçirilən hər bir yay məktəbi zəngin proqrama əsaslanmaqla 3 günlük müddəti əhatə etdi. Belə ki, gənclər muxtar respublikada uğurla tədbiq edilən müasir tədris metodu STEAM, həmçinin şəxsi inkişaf və karyera istiqamətlərinə kömək olacaq “Gələcək üçün maliyyə” təlimlərində iştirak etmək şansı əldə etdilər. Hər səhər toplu halda günə gimnastik hərəkətlərlə başlamaq, idman yarışları, “Xəmsə”, “Vətəni tanı” və “Axtar tap” kimi müxtəlif tipli intellektual oyunlarının təşkili onların fiziki və zehni inkişafına hesablanmışdı. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın çiçəklənməsi yolundakı qətiyyətli addımlarından, ümumilikdə həyatı və siyasi fəaliyyətindən bəhs olunan “Dahi şəxsiyyət”, “Xalqa bağışlanan ömür”, həmçinin Vətənimizin bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərin qəhrəman şəhidləri barədə hazırlanan “Poladın 7 anı”, “Səni Vətən çağırır!” sənədli filmləri qalib ölkənin gəncləri üçün qürurlu anlar yaşatdı. Keçirilən yaradıcılıq müsabiqələri, “Gender bərabərliyi”, “Sosial şəbəklərin cəmiyyətdəki rolu” və “Əlavə peşə bacarıqları” mövzusunda aparılan müzakirələr və gənc nəslin müasir dövrlə bağlı fikirlərini, gözləntilərini analiz etmək, istedadlı gəncləri kəşf etmək imkanı yaratdı. Düşərgə zamanı keçirilən konsert proqramları, yumoristik səhnəciklər, stolüstü oyunlar, musiqi və rəqs vaxtları ilə gənclər əyləncəli anlardan da kənarda qalmadı. Ağbulaq kəndi ərazisində təşkil olunan gəzintilər vasitəsilə həm bölgənin turizm imkanlarını, ekoloji mühitin təbii imkanlarını kəşf etdilər, həm də çəkdikləri fotoşəkilləri sosial şəbəkələrdə yaymaqla insanları da bu gözəl məkana sövq etməyə çalışdılar. Onu da bildirək ki, təşkil olunan hər bir mərhələnin fərqlənən gəncləri sertifikat, fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.

Muxtar respublikamızda uğurla icra olunan dövlət gənclər siyasətinin əsas iqstiqamətlərindən biri də məhz, budur: Bilikli, bacarıqlı və vətənpərvər gənclərin formalaşdırılması. Bu baxımdan, gərgin kollektiv əməyi ilə ərsəyə gələn “Yay məktəbləri”ni gənclərin uğurlu gələcəyi üçün hesablanan effektiv dövlət dəstəyi modeli kimi də qiymətləndirmək olar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
26.08.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021