Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Nizami dünyası” adlı teatr müsabiqəsi davam edir

      Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə keçirdiyi teatr müsabiqəsi “Nizami Gəncəvi İli”nin qeyd olunması, şairin əsərlərində qeyd olunan insan səadəti, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət kimi əhəmiyyətli ideyaların gənclərə təbliğ edilməsi, tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaradılması, istedadlı gənclərin üzə çıxarılması məqsədilə keçirilir.

Müsabiqənin ilk mərhələsi çərçivəsində bu gün Naxçıvan Musiqi Kollecinin tələbələri tərəfindən “Xəmsə”yə daxil olan əsərləri özündə təcəssüm etdirən “Xəmsə - sevgi, ədalət dünyası” adlı kompozisiya səhnələşdirilib. Tamaşa qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının təbliği məqsədi daşıyır.

Müsabiqənin şərtlərinə əsasəsən, tamaşanın qiymətləndirilməsi təqdim edilən səhnə əsərinin aktyor ifası, rejissor şərhi, musiqi tərtibatı, ifaçıların səhnə mədəniyyəti meyarları üzrə aparılıb. Münsiflər heyətindən Xalq artisti Kamran Quliyev, Əməkdar artist Tofiq Seyidov, gənc rejissor Həcərxanım Məmmədova tələbələrə tamaşa ilə bağlı fikir və iradlarını bildirib, onlara uğurlar arzulayıblar. Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva müsabiqədə fəal iştiraklarına görə tələbələrə təşəkkürünü ifadə edib.

Qeyd edək ki, müsabiqə may ayında sona çatacaq. Qaliblər münsiflər heyətinin yekun qiymətləndirməsinə əsasən müəyyən olunacaq. İlk üçlükdə qərarlaşan komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
27.04.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020