Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Kikboksinq Federasiyasının iclası keçirilib

      Dünən Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.

İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, 2020-ci ilin fevral ayının 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən Nazirlik və dövlət qurumlarının qarşısına konkret tapşırıqlar qoyulmuş, tapşırılmışdır ki, idmanın davamlı inkişafını təmin etmək məqsədilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nı hazırlayıb təqdim etsinlər. Bu tapşırığa əsasən əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması məqsədilə 14 fevral 2020-ci il tarixdə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Sərəncam imzalanıb. Proqramın icrası ilə əlaqədar artıq bir çox işlər həyata keçirilib.

Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev vurğulayıb ki, Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlər görülüb və görülür. Yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Kikboksinq Federasiyanın idmançıları il ərzində muxtar respublikadan kənarda keçirilən ölkə səviyyəli yarışlarda da iştirak edib və 15 müxtəlif əyarlı medal qazanıblar. Bundan başqa Türkiyənin İstanbul şəhərində Türkiyə Muaythai Federasiyasının təşkilatçılığı ilə keçirilən “Muaythai Gala Gecesi”ndə Naxçıvanlı idmançı Etibar Qəribov iştirak edərək Gecənin qalibi olub. Federasiyanın məşqçi-müəllimləri və idmançıları Naxçıvan şəhərində yerləşən “Saat meydanı” turistik istirahət mərkəzində “5 Mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş “İdman festivalı”nda iştirak ediblər. İl ərzində federasiya idmançıları tibbi müayinədən keçirilib, idmançıların asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə ekskursiyaları təşkil olunub. Muxtar respublikamızda 512 idmançı 29 qrupda bu idman növü ilə məşğuldur.

Sonra məşqçilərin fikir və təklifləri dinlənilib.

İclasa yekun vuran gənclər və idman naziri Azad Cabbarov nazirlik və federasiyanın birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqlar bundan sonra da yerinə yetiriləcəklərinin əminliyini bildirib və yaradılan şəraitə görə bütün idmançılar adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
28.01.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020