Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Boks Federasiyasının iclası keçirilib

      Naxçıvan Muxtar Respublikası Stadionunun inzibati binasında Boks Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncağı olub.

2020-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabat çıxışında federasiyanın sədr müavini Məmmədcəfər Əliyev bildirib ki, muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində bütün sahələr kimi, bədən tərbiyəsi və idman da inkişaf etməkdədir. Ötən il federasiya 7 müxtəlif idman tədbirində iştirak edib ki, bunlar arasında beynəlxalq turnir və Azərbaycan birinciliyi də var. Bu yarışlarda dəri əlcək sahiblərimiz 2 qızıl və bir bürünc medal əldə ediblər. İngiltərənin London şəhərində keçirilən Tokio Olimpiadasına lisenziya xaraketerli yarışda isə boks məktəbimizin yetirməsi Tayfur Əliyev 57 kiloqram çəki dərəcəsində vəsiqəni təmin edib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Məcid Seyidov çıxışında vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında da idman hər zaman diqqət mərkəzində saxlanılan və təşviq edilən bir sahə olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idman və idmançılara göstərdiyi diqqət və qayğısı sayəsində muxtar respublikada idmana olan maraq gündən-günə artmaqdadır. Bu gün muxtar respublikada gənc¬lərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Bütün bunların nəticəsidir ki, yeni idmançılar nəsli yetişir, müxtəlif idman növləri üzrə uğurların sayı daha da artır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublika ərazisində yaradılan bütün idman federasiyaları ilə birgə fəaliyyət göstərir və bu sahədə dövlət siyasətinin tənzimləməsini həyata keçirir.

Məcid Seyidov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyası da 2020-ci ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Muxtar respublikamızda 330 idmançı 21 qrupda bu idman növü ilə məşğuldur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublikamızda 2002-ci ildə yaradılan Boks Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirib.

Sonra il ərzində fərqlənən idmançılar mükafatlandırılıb.

Yığıncağa yekun vuran Gənclər və İdman nazirinin müavini məşqçi-müəllimlər və idmançılar adından yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
28.01.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020