Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Atıcılıq Federasiyasının iclası keçirilib

      Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.

Federasiyanın sədri Səhət Həbibbəyli muxtar respublikada atıcılıq idman növünün inkişaf etdirilməsi, bu sahədə kütləviliyin artırılması üçün 2020-ci il ərzində görülmüş işlərlə bağlı məlumat verib. Qeyd olunub ki, ötən ilin mart ayında Naxçıvanda keçirilmiş idman festivalında Atıcılıq Federasiyası da uğurla təmsil olunub. Ötən il stend, TİR atıcılığı və peyntbol üzrə 4 idman yarışı təşkil edilib.

Federasiya sədri ötən il ərzində atıcılıq idman növünün muxtar respublikada təbliği, atıcılıq idman klublarının fəaliyyətinin genişləndirilməsi, idman infrastrukturunun yenidən qurulması və yeni idman avadanlıqlarının alınması istiqamətində işlərin davam etdirildiyini qeyd edib. Vurğulanıb ki, Atıcılıq Mərkəzinin peyntbol meydançasında maneələr yenidən qurulub, stend atışı üçün meydança müasir tələblərə tam uyğunlaşdırılıb, TİR atıcılığı üçün yeni hədəflər quraşdırılıb, müasir görkəmi ilə seçilən kafe istifadəyə verilib, ərazidə abadlaşdırma işləri aparılıb, yeni ağac və gül kolları əkilib. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Naxçıvan şəhərindəki Atıcılıq Əyləncə Mərkəzində yeni oyun qurğuları quraşdırılıb, TİR atış salonu yeni qurğularla zənginləşdirilib.

Atıcılıq idman növünə marağın artırılması, gənclərin fiziki və mənəvi cəhətdən vətənin müdafiəsinə daha yaxşı hazırlanması üçün Naxçıvan Dövlət Universitetində TİR salonu yaradılıb. Bu məqsədlə ali təhsil ocağına “Hatsan” markalı 2 ədəd TİR tüfəngi və 1 ədəd TİR tapançası verilib, mexaniki şəkildə idarə oluna bilən hədəflər qurulub. Federasiya tərəfindən Naxçıvan Qarnizonu tam orta məktəbində yaradılan TİR salonuna da 2 ədəd müasir TİR silahı hədiyyə olunub.

Muxtar respublikanın şəhər və rayonlarında atıcılıq idman növünə artan marağın nəticəsidir ki, ötən il Federasiyaya 60 nəfərə yaxın yeni üzv qəbul olunub, qızların və paralimpiyaçıların idmana cəlbi, perspektivli idmançıların müəyyənləşdirilməsi üzrə işlər diqqətdə saxlanılıb.

Federasiya sədri bildirib ki, muxtar respublika rəhbəri tərəfindən idmana göstərilən qayğıdan bəhrələnərək Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası fəaliyyətini daha da gücləndirəcək, atıcılıq idman növləri üzrə kütləviliyin artırılması, perspektivli idmançıların müəyyənləşdirilərək yarışlara hazırlanması, gənclərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində səylər artırılacaqdır.

Atıcılıq federasiyasının sədr müavini Vasib Abdullayev çıxışında bildirib ki, cari il ərzində atıcılıq idman növləri üzrə 15 müxtəlif yarışın, o cümlədən stend üzrə beynəlxalq turnirin keçirilməsi nəzərdə tutulub. Sonra Naxçıvan şəhərində fəaliyyət göstərən “Hədəf” və “Qələbə”, Şərur şəhərindəki “Ümid”, Culfa şəhərindəki “Uğur” və Kəngərli rayonunun Qıvraq qəsəbəsində fəaliyyət göstərən Zəfər” Atıcılıq İdman klublarının fəaliyyətinin genişləndirilməsi, rayon gənclər və idman idarələri ilə qarşılıqlı fəaliyyətin təmin edilməsi, rayondaxili yarışların keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
28.01.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020