Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Sərhədçilər arasında intellektual yarışlar təşkil edilib

      Sərhədçi əsgərlər arasında “Vətəni tanı” və “Nə? Harada? Nə zaman?” intellektual oyunları keçirilib.

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Culfa rayonunda yerləşən sərhəd zastavasında reallaşan tədbirdə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov bildirib ki, yarışmaların təşkili məqsədi sərhədçi əsgərlərin intellektual fəaliyyətə cəlb edilməsi, onların dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması və vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə zəmin yaratmaqdan ibarətdir. Qeyd olunub ki, bu tipli yarışmalar nazirlik tərəfindən könüllü gənclər, tələbələr, məktəblilər, kursantlar və o cümlədən əsgərlər arasında davamlı olaraq təşkil olunur.

Qaydalar haqqında məlumat verildikdən sonra mübarizəyə start verilib. 8 komandanın iştirak etdiyi “Nə? Harada? Nə zaman?” İntellektual Oyununda II Qarabağ müharibəsi ilə bağlı 24 sual səsləndirilib. Hər düzgün cavab 1 xalla qiymətləndirilib. “Zəfər” komandası 21 xalla qalib olub. “Şəhriyar” 20 xalla ikinci, “Nəqşicahan” isə 17 xalla üçüncü pillədə qərarlaşıb.

Fərdi mübarizə xarakterli “Vətəni tanı!” İntellektual Oyununda pazl şəklindəki inzibati ərazi vahidlərini xəritə üzərində öz yerinə yerləşdirmək lazım olub. Nəticələr vahid Azərbaycan xəritəsinin tamamlanması üçün sərf olunan vaxt əsasında hesablanıb. Bu missiyanı digər iştirakçılardan daha tez yerinə yetirən Murad Seyidov birinci olub. Hüseyn Quliyev və Şükür Bayramov yarışı müvafiq olaraq ikinci, üçüncü sıralarda tamamlayıblar.

Sonda ilk üçlükdə qərarlaşan komandalar və iştirakçılar diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, ümumilikdə 48 sərhədçinin iştirak etdiyi intellekt oyunları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
28.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021