Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Duzdağ” otelin mərasim zalında mükafatlandırılma
mərasimi keçirilib

      Naxçıvan şəhərindəki “Duzdağ” otelin mərasim zalında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov vurğulayıb ki, 2019-cu ili ölkəmizdə, həmçinin muxtar respublikamızda gənclər və idman sahəsi üçün nailiyyətlər ili də adlandırmaq olar. Gənclərimizin və idmançılarımızın özlərini hərtərəfli təkmilləşdirməsi üçün yaradılan şəraitin, ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərdə onların iştirakının təmin edilməsinin nəticəsidir ki, onlar muxtar respublikamızı iştirak etdikləri arenalarda layiqincə təmsil edir və bizləri sevindirirlər.

“Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə qeyd olunan bu tarix dünya azərbaycanlılarını vahid Vətəni–Azərbaycan Respublikasının ictimai-siyasi maraqları ilə bir olmağa, həmrəyliyə çağırış bayramıdır”, - deyən Azad Cabbarov qeyd edib ki, bu bayram ildən-ilə daha geniş vüsət taparaq ürəklərdə Vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən rəğbətlə qeyd olunur. Muxtar respublikamızda da bu münasibətilə bayram tədbirləri təşkil olunur, muxtar respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən gənclərimizin fəaliyyəti dövlətimiz tərəfindən mükafatlandırılır.

Sonda nazir 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə gəncləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev 2019-cu ildə muxtar respublikada gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasından, bu sahədəki tədbirlərin, gənclərlə bağlı layihələrin həyata keçirilməsinin daha da genişləndirilməsindən danışıb.

Sonra tədbirin simvolu sayılan tortu kəsmək üçün gənclər səhnəyə dəvət olunublar.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər mükafatlandırılıblar. Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən bəzi nominasiyaların qaliblərini müəyyən etmək üçün internet vasitəsilə sosial sorğu keçirilib. Bunlara “İlin ən yaxşı gənc jurnalisti”, “İlin ən yaxşı gənc rəssamı”, “İlin ən yaxşı gənc rejissoru”, “İlin ən yaxşı gənc yazıçısı”, “İlin ən yaxşı gənc aktyoru (aktrisası)”, “İlin ən yaxşı gənc müğənnisi”, “İlin ən yaxşı gənc musiqiçisi”, həmçinin “İlin fəal xəbər saytı” nominasiyaları daxildir.

Bayram tədbiri musiqi və rəqs nömrələri ilə davam edib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
28.12.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020