28 dekabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının əməkdaşları Naxçıvan şəhərində yerləşən hərbi hissəyə sovqat aparıblar.
Görüş zamanı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, 2020-ci ildə zabit və əsgərlərimizin qazandığı ən böyük uğur sözsüz ki, İkinci Qarabağ Müharibəsində göstərdikləri şücaət nəticəsində qazandığımız tarixi qələbəmizdir. Bu qələbənin qazanılmasında Naxçıvan əsgər və zabitləri də çox yaxından iştirak etdi və döyüş meydanında öz sözlərini layiqincə dedilər. Belə ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları nəticəsində 30 ilə yaxındır işğal altında olan ərazilərimizin böyük, həm də strateji əhəmiyyətli hissələri Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi, Azərbaycan əsgərinin gücü, ordumuzun qəhrəman övladlarının yüksək döyüş bacarıqları, eyni zamanda, xalqımızın həmrəyliyi, düşmənə qarşı birgə mübarizəmiz sayəsində azad olundu. Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımız öz adlarını xalqın tarixi yaddaşına həkk etdilər. Biz bu gənclərimizin hər biri ilə fəxr edirik. Hərbi hissələrə sovqatların aparılması, əsgərlərlə həmrəylik nümayiş etdirilməsi xalq-ordu birliyinin daha bir ifadəsidir. Ordumuzun maddi-texniki bazasının hər il daha da güncləndirildiyini və hərbi qulluqçuların mənzil məişət şəraitinin diqqətdə saxlanıldığını deyən nazir bayramlar və qələbəmiz münasibətilə hərbi qulluqçuları təbrik edib, xidməti vəzifələrində uğurlar arzulayıb. “Cahan İnşaat” MMC-nin rəhbəri Vilayət Cəlilov da şəxsi heyəti təbrik edib, bu cür görüşlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Hərbi qulluqçular adından çıxış edən hərbi hissənin zabiti, mayor Namiq Əhmədov və əsgər Ramil Əlizadə göstərilən qayğının onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib və bütün şəxsi heyət adından minnətdarlıqlarını bildiriblər. Gətirilən yerli istehsal olan müxtəlif növ ərzaq məhsulları hərbi hissəyə təhvil verilib.