Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













İlin fəal gəncləri və idmançılar mükafatlandırılıblar

      Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə muxtar respublikanın ictimai və yaradıcı mühitində fərqlənən istedadlı yeniyetmə və gənclərlə görüş keçirilib, ilin fəalları və uğurlu nəticələr qazanan idmançılar mükafatlandırılıblar.

Naxçıvan gəncləri üçün cari ilin kifayət qədər uğurlu olduğunu deyən Gənclər və İdman naziri Ramil Hacı bildirib ki, 2021-ci ildə gənclərin şəxsi inkişafı və dünya görüşünün formalaşması, yaradıcılıq potensialının yüksəlməsi, Vətənə məhəbbət, dövlətə sədaqət ruhunda tərbiyəsi, onlar arasında milli mənəvi dəyərlərə bağlılıq yaradılması, tariximizin öyrənilməsi, o cümlədən təbiətə və ətraf mühitə qayğı vərdişlərinin formalaşması istiqamətində davamlı olaraq tədbirlər, layihələr icra olundu. Muxtar respublika rəhbərliyi tərəfindən istedadlı gənclərin qiymətləndirilməsi və onlara cəmiyyətin aparıcı sahələrində yüksək etimad göstərilməsi ənənəsi davam etdirildi. Şübhəsiz ki, bu amil Ali Məclis Sədrinin gəncliyə olan qayğısı, rəğbəti və yüksək gözləntilərini əks etdirir. İdman sahəsində görülən işlər barədə danışan nazir bildirib ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. İstifadəyə verilən böyük idman obyektləri, məşq bölmələri, bu sahədəki kütləvilik və qazanılan nailiyyətlər diyarımızın idman potensialının davamlılığı və perspektivini nümayiş etdirir. İxtisaslı kadr ehtiyatının zənginləşdirilməsi, gənclərin bu sahədə yüksək keyfiyyətli təhsili, müasir metod və imkanlarla təmin olunması, xarici əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, idmançıların beynəlxalq və dünya miqyaslı yarışlarda iştirakının təmin olunması diqqətdə saxlanılır. Görülən işlərin və əməyin qarşılığında idmançılarımız etimadı yüksək səviyyədə doğruldurlar.

Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında bildirib ki, dövlət gənclər siyasəti bu gün Azərbaycanda, eləcə də muxtar respublikada uğurla həyata keçirilir. Son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, bütövlükdə, dövlət gənclər siyasətinin reallaşdırılması istiqamətində atılan mühüm addımlardır. Vurğulanıb ki, Gənclər Fondu bu ilin ötən dövrü ərzində həyata keçirilən layihələrdə gənclərin intellektual inkişafı, onların asudə vaxtlarının səmərəli təşkil olunması və müxtəlif layihələrdə birgə iştiraklarını ön plana çəkib, Gənclər və İdman Nazirliyi ilə birlikdə bir sıra tədbirlər həyata keçirib. Bu ilin ötən dövrü ərzində təşkil edilən müxtəlif layihələrdə, yaradıcılıq müsabiqələrində və bilik yarışlarında minlərlə gənc iştirak edib və mükafatlandırılıb.

Ramil Hacı və Cəbi Quliyev çıxışlarının sonunda gəncləri qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edərək, yeni uğurlar arzulayıblar.

Fəal gənc Bağdagül Cəfərli şəxsi fəaliyyəti və yaradılan imkanlar barədə danışıb, göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Çıxışların ardınca mükafatlandırma mərasimi olub. Bu münasibətlə müxtəlif sahələr üzrə fərqlənən 30 nəfər yeniyetmə və gənc təltif olunub. Gənclər və İdman Nazirliyi ilə Gənclər Fondu tərəfindən birgə təşkil olunan bayram tədbiri çay süfrəsi ətrafında davam edib, gənclər üçün musiqi nömrələri səsləndirilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
28.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021