Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Əcnəbi tələbələr Şahbuz Dövlət Təbiət Qoruğu
və Ağbulaq İstirahət Mərkəzində olmuşlar

      Əcnəbi tələbələr Şahbuz Dövlət Təbiət Qoruğu və Ağbulaq İstirahət Mərkəzində olmuşlar.

Muxtar respublikanın tarixi yerlərinin və turizm məkanlarının gənclərə tanıdılması məqsədilə 29 yanvar 2021-ci ilı tarixdə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin Şahbuz Dövlət Təbiət Qoruğuna və Ağbulaq İstirahət Mərkəzinə ekskursiyası təşkil olunmuşdur. Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək bildirmişdir ki, gənclərin mütəmadi olaraq muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, muzeylərə, tarixi yerlərə ekskursiyaları təşkil edilir. Bu da muxtar respublikanın turizm potensialının təbliği ilə yanaşı, gənclərin tarixi keçmişimizi öyrənməsi işində də böyük əhəmiyyət kəsb edir. Bugünkü ekskursiyanın təşkil olunmasında da məqsəd Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəsissələrinə qəbul olmuş əcnəbi tələbələri muxtar respublikanın turzim məkanları, tarixi abidələri və muzeyləri ilə tanış etmək və ekskursiyalar zamanı çəkilmiş fotoşəkillərin gənclər tərəfindən müxtəlif sosial şəbəkələrdə paylaşılaraq, muxtar respublikanın tanıdılmasında onların fəallığının artırılmasıdır. Sonra Şahbuz Dövlət Təbiət Qoruğunun direktor müavini gənclərə qoruq haqqında ətraflı məlumat verib. Bildirib ki, qoruqda 2 min 899 bitki növü yayılıb. Bunların bir çoxu, məsələn, müxtəlif rəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazidə yayılmasına imkan verib. Qoruğun ərazisi geoloji cəhətdən Tabaşir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nival və allüvial relyef formaları ilə səciyyələnir. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb. Azərbaycan Respublikasında qeydə alınmış 360-dan çox quş növündən Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində Avropa tüvüyü, oxuyan silvi, adi kəklik, sarıköynək, enliquyruq bülbül, meşə xoruzu, hop-hop və diğər quş növləri məskunlaşıb. Qoruğun ərazisində qonur ayı, porsuq və vaşaqa da rast gəlinir. Şahbuz Dövlət Təbiət Qoruğunun muzey binası ilə tanış olan gənclərə məlumat verilib ki, qoruğun yaradılmasında əsas məqsəd genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin və səciyyəvi təbiət komplekslərinin təbii vəziyyətdə qorunub saxlanılmasından, ekoloji monitorinqinin aparılmasından ibarətdir.

Daha sonra tələbələr Ağbulaq İstirahət Mərkəzinə yola düşmüşlər. Burada onlara məlumat verilib ki, Ağbulaq kəndi ərazisindəki istirahət mərkəzi turistlər üçün çox cəlbedici bir məkandır. Kənd dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşir. İstirahət mərkəzində kənd məhsullarının satışı mağazası fəaliyyət göstərir. Həmçinin, İstirahət Mərkəzinin ərazisində yerləşən Xizək Mərkəzi də qış turizmini, vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunmasına, onların istirahətinin təmin edilməsinə zəmin yaradıb. Dağ xizəkçiliyi üçün əlverişli məkana çevrilən Ağbulaqda pistin uzunluğu 1590, eni isə 20-35 metrdir. 980 metr uzunluğu olan kanat isə mərkəzə ayrıca gözəllik verir. İnsanların rahatlığı üçün mərkəzdə uzunluqları 134, 67 və 17 metr olan bandlar quraşdırılıb. Kompleksin ərazisində 2 kafe yerləşir ki, bunlardan biri kanatın son nöqtəsində fəaliyyət göstərir. Ekskursiyanın sonunda gənclər üçün çay süfrəsi təşkil olunmuşdur.

Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş ekskursiyada 20 nəfər əcnəbi tələbə iştirak etmişdir.

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
29.01.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020