Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Doğma diyarım” fotomüsabiqəsində qaliblər bəlli olub

      Muxtar respublikanın turizm imkanlarının təbliği və istedadlı yeniyetmə və gənclərin aşkara çıxarılmasına xidmət edən müsabiqəyə bu gün Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən mükafatlandırma mərasimi ilə yekun vurulub.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Azadə Əliyeva və Rəssamlar Birliyinin əməkdaşı, rəssam-fotoqraf Araz Xudiyev müsabiqənin məqsədləri və fotoların qiymətləndirmə meyarları haqqında danışıblar. Qeyd olunub ki, gənclərlə iş daim diqqətdə saxlanılır və yüksələn xətlə inkişaf etdirilir. Əlverişli yaradıcılıq mühitinin mövcudluğu gənc nəslin müxtəlif sahələrdə öz bilik və bacarıqlarını təkmilləşdirməsi üçün əlavə zəmin yaradır. Davamlı olaraq təşkil olunan foto və rəsm müsabiqələrinin məqsədi də onlara əlavə stimul yaratmaqdır. Bildirilib ki, muxtar respublikanın gözoxşayan təbiəti, mədəni-tarixi abidələri, abad rayon və kəndləri, flora və fauna müxtəlifliyi, burada aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, əlverişli nəqliyyat infrastrukturu, əyləncə və istirahət mərkəzləri və digər özəllikləri sayəsində həvəskar və ya peşəkar fotoqraflar üçün geniş yaradıcılıq imkanları yaradır. Fotoların qiymətləndirilməsi də əvvəlcədən elan olunduğu kimi məhz bu istiqamətlər üzrə aparılıb.

Çıxışların ardınca mükafatlandırma olub. İlk üç yer və həvəsləndirici yerlərdə qərarlaşan iştirakçılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib. Sonra müsabiqəyə təqdim olunan fotolardan ibarət sərgiyə baxış olub.

Nəticələrə gəlincə, müsabiqənin qalibləri 5 nəfərdən ibarət münsiflər heyətinin ümumi qərarına əsasən müəyyənləşib. Sara Əsədova ilə Kamil Məmmədli birinci yerə layiq görülüblər. Şahsuvar Əfsanə, Anar Sadiqov və Nihat Cabbarlı ikinci sırada qərarlaşıblar. Tərlan Məmmədova, Aysun Nağdəliyeva və Aliyə Zalovaya məxsus fotolar isə üçüncü yerlə qiymətləndirilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Rəssamlar Birliyi tərəfindən birgə təşkil olunan müsabiqəyə muxtar respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan 14-29 yaşlı yeniyetmə və gənclər olmaqla ümumilikdə 70 iştirakçı qatılıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
29.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021