Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclərin mükafatlandırılması mərasimi təşkil olunmuşdur

      29 dekabr 2020-ci il tarixdə “Gənclər Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən gənclərin mükafatlandırılması mərasimi keçirilmişdir.

Əvvəlcə vurğulanmışdır ki, dövlətimiz tərəfindən daim diqqətdə saxlanılan, gələcəyimizin qarantı olan gənclərimiz üçün təşkil edilən tədbirlərin davamı kimi bugünkü tədbir də yüksək potensiala və intellektual biliyə malik olan gənclərimizin müsbət əhvalı ilə qeyd olunur. Belə tədbirlərin müntəzəm keçirilməsi muxtar respublika rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğının nümunəsidir. Muxtar respublika əhalisinin 30 faizdən çox hissəsini gənclər təşkil edir. Bu gün muxtar respublikada aparılan siyasət nəticəsində gənclərin dövlət idarəetmə orqanlarına, o cümlədən cəmiyyətin bütün aparıcı sahələrinə inteqrasiyası diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu muxtar respublikada həyata keçirən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənclərə qayğısı ilə mühüm işlər görülür ki, nəticədə bu gün muxtar respublika gənclərinin asudə vaxtlarının səmərəli təşkil olunması, bilik və bacarıqlarının, intellektual səviyyələrinin artırılması, yaradıcılıq fəaliyyətlərinin inkişaf etdirilməsi, fiziki cəhətdən sağlam olması üçün hərtərəfli şərait mövcuddur.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov çıxış edərək bildirmişdir ki, “31 dekabr tarixi bizim üçün ilk növbədə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”dür. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə qeyd olunan bu tarix dünya azərbaycanlılarını vahid Vətəni–Azərbaycan Respublikasının ictimai-siyasi maraqları ilə bir olmağa, həmrəyliyə çağırış günüdür. Bu gün ildən-ilə daha geniş vüsət taparaq ürəklərdə Vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən rəğbətlə qeyd olunur.

Geridə qoyduğumuz 2020-ci ildə biz bu həmrəyliyin ən bariz nümunəsinin şahidi olduq. Belə ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları nəticəsində 30 ilə yaxındır işğal altında olan ərazilərimizin böyük, həm də strateji əhəmiyyətli hissələri Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi, Azərbaycan əsgərinin gücü, ordumuzun qəhrəman övladlarının yüksək döyüş bacarıqları, eyni zamanda, xalqımızın həmrəyliyi, düşmənə qarşı birgə mübarizəmiz sayəsində azad olundu. Heç şübhəsiz ki, Naxçıvan gənclərinin bu cür vətənpərvərliyi, Vətənə, elə bağlılığı, hünəri, qorxmazlığı burada yaradılan şəraitin, aparılan dövlət gənclər siyasətinin bəhrəsidir. Bu siyasət bundan sonrakı dövrdə də fəaliyyətimizin əsasını təşkil edəcəkdir.”

Daha sonra 2020-ci ilin nəticələrinə görə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər diplom (plaket), fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Tədbirdə İkinci Qarabağ Müharibəsində iştirak etmiş, 44 günlük müharibədə peşəkar döyüş qabiliyyətləri və ən əsası böyük Vətən sevgiləri ilə 30 ilə yaxındır işğal altında olan ərazilərimizin azad edilməsində iştirak edən bir neçə qəhrəman zabit, gizir və əsgərlər də təltif olunmuşlar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən "İlin ən yaxşı gənc JURNALİSTİ", "İlin ən yaxşı gənc RƏSSAMI", "İlin ən yaxşı gənc AKTYORU (AKTRİSASI)", "İlin ən yaxşı gənc MÜĞƏNNİSİ", "İlin ən yaxşı gənc MUSİQİÇİSİ" nominasiyaları üzrə qalibləri müəyyən etmək üçün internet vasitəsilə sosial sorğu keçirilmişdir ki, həmin sorğunun nəticələrinə əsasən qalib olmuş gənclər də tədbirdə mükafatlandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 60 nəfər iştirak etmişdir.

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
29.12.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020