Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Hərbçilərimizə bayram sovqatı aparılıb

      Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan şəhərində yerləşən hərbi hissəyə bayram sovqatı gətirilib. Bununla əlaqədar əsgərlərlə görüş keçirilib.

Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsindəki şücaəti ilə dünyanı heyrətə gətirməyi bacaran gənclik nümunəsidir deyən gənclər və idman naziri Ramil Hacı əlavə edib ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi və Ordumuzun gücü nəticəsində qazanılan şanlı qələbə indi bizi dünyaya müzəffər xalq, qalib dövlət kimi tanıdır.

Ölkəmizdə, eləcə də muxtar respublikada ordu quruculuğuna daim xüsusi önəm verildiyini bildirən nazir Əlahiddə Ümumqoşun Orduda yaradılan əlverişli xidməti şəraitdən, müasir döyüş texnikaları və silahlarla təchiz olunan şəxsi heyətin peşəkarlığından və müharibə dövründə göstərdikləri qəhrəmanlıqlardan söz açıb. Vurğulanıb ki, haqq savaşımızda iştirak edən qəhrəman hərbçilərimizin vətənpərvərliyi, şücaəti bugünkü gənclik üçün örnəkdir və bu yolda şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Nazir çıxışının sonunda əsgərlərə bayram təbriklərini çatdırıb, xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının aparat rəhbəri Azər Cəfərov da öz növbəsində təbrik və arzularını ifadə edib, Qarabağda dastan yazan Azərbaycan Ordusunun dünya hərb tarixinə düşən “Dəmir yurmruq” əməliyyatı ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, bu cür ənənəvi görüşlər bundan sonra da davam etdiriləcək. Dövlətimiz, xalqımız hər zaman əsgərlərimizlədir!

Əsgər Şahin Rzayev şəxsi heyətə göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə əsgərlər adından Ali Məclisin Sədrinə minnətdarlığını ifadə edib.

Gətirilən bayram sovqatı - yerli istehsal olan müxtəlif növ ərzaq məhsulları hərbi hissəyə təhvil verilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
29.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021