Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Nizami dünyası” adlı teatr müsabiqəsinin ilkin mərhələsinə
start verildi

      Prezident İlham Əliyevin qədim və zəngin Azərbaycan mədəniyyətinin nadir simalarından sayılan dahi şair, humanist mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin ölkəmizdə və dünyada il boyu təntənə ilə qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncam hər yerdə milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində himayə edilməsinin növbəti parlaq nümunəsi kimi qarşılanıb. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq dövlət başçısı 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bu il ərzində gənclərə Nizami dünyasının daha yaxından tanıdılması məqsədilə artıq bir çox tədbirlər keçirilmişdir. O tədbirlərin davamı olaraq muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında “Nizami dünyası” adlı teatr müsabiqəsi layihəsi hazırlanaraq həyata keçirilir. Müsabiqənin keçirilməsində məqsəd “Nizami ili”nin qeyd olunması, şairin əsərlərində qeyd olunan insan səadəti, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət kimi əhəmiyyətli ideyaların gənclərə təbliğ edilməsi, tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaradılması, istedadlı gənclərin üzə çıxarılmasıdır. Müsabiqə mart-iyun aylarını əhatə edəcək. Gənclər və İdman Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə keçirdiyi müsabiqədə iştirak edəcək hər bir təhsil müəssisəsi müsabiqəyə yalnız bir tamaşa təqdim edəcək və həmin tamaşa Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərə həsr olunacaqdır. Əsasnaməyə uyğun olaraq tamaşaların müddəti 20-45 dəqiqə olmalıdır. Qiymətləndirmə təqdim edilən səhnə əsərinin aktyor ifası, rejissor şərhi, musiqi tərtibatı, ifaçıların səhnə mədəniyyəti meyarları üzrə aparılır. Qaliblərin müəyyən edilməsi üçün 5 nəfərdən (1 nəfər Gənclər və İdman Nazirliyi, 1 nəfər Mədəniyyət Nazirliyi, 3 nəfər isə peşəkar aktyor) ibarət münsiflər heyəti yaradılıb. Qaliblər təşkilatçılar tərəfindən diplom (plaket) və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

“Nizami dünyası” adlı teatr müsabiqəsinin ilk tamaşası Naxçıvan Dövlət Universitetinin teatr studiyasının hazırladığı “Xeyir və Şər” tamaşası olub. Tamaşa 30 mart 2021-ci il tarixdə Naxçıvan Uşaq Teatrında nümayiş olunub.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
30.03.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020