Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Könüllü gənclərlə görüş təşkil olunmuşdur

      30 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 illiyi, “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il bayramı münasibətilə könüllü gənclərlə görüş təşkil olunmuşdur.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov çıxış edərək bildirmişdir ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Müstəqilliyimizin ilk illərində gənclərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, forumların, konfransların keçirilməsi, dövlət proqramlarının qəbul olunması ilə yanaşı, bu sahənin inkişafında əsas addımlardan biri də 26 iyul 1994-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması oldu. Həmçinin, muxtar respublikada da gənclərlə iş sahəsini təkmilləşdirmək, ayrı-ayrı dövlət orqanlarının bu sahədə fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ilin dekabr ayının 30-da Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi yaradıldı. Bu muxtar respublika gəncliyi üçün ən önəmli tarixi hadisələrdən biridir. Belə ki, keçdiyi 25 illik fəaliyyət yolunda Nazirlik muxtar respublikada gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkili, vətənpərvərlik tərbiyələrinin yüksəldilməsi, intellektual səviyyələrinin və dünyagörüşlərinin artırılması, onlarda ətraf mühitə qayğının formalaşdırılması istiqamətində bir sıra işlərə və yeniliklərə imza atdı. Muxtar respublikada gənclərlə bağlı bir neçə layihənin, həmçinin könüllülük hərəkatının əsasını qoydu.

Hazırda muxtar respublika əhalisinin 140 min nəfərdən çoxunu, yaxud 30 faizini 14-29 yaşda olan gənclər təşkil edir. Həmin gənclərin hərtərəfli inkişafı, sosiallaşması, maraqlarının təmin olunması daim dövlətimizin diqqətində olan əsas məsələlərdəndir. Bu məsələni muxtar respublikada həyata keçirən əsas icraedici orqan olaraq Gənclər və İdman Nazirliyi gəncləri daim ətrafında toplayaraq, ölkəmiz və muxtar respublikamız üçün onları bir araya gətirərək birlikdə böyük işlər həyata keçirir. Hələ 2018-ci ildə siz gənclərin də dəstəyi ilə biz muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri ölkəmizin Gənclər Paytaxtı etdik. Bu Naxçıvan gəncliyinin gücünün, birliyinin, eyni zamanda aktivliyinin böyük təcəssümü idi. Naxçıvan şəhəri ətrafında “Gənclər Bağı”nın salınması, gənclərimizin ətraf mühitin qorunmasına, ahıllara və fiziki imkanları məhdud uşaqlara yönəlmiş layihələr irəli sürməsi, muxtar respublika gəncliyinin qayğıkeşliyini, vətənpərvərliyini sübut edən amillərdəndir.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin 25 illik fəaliyyət tarixində imza atdığı yeniliklərdən biri də könüllülük hərəkatı oldu. 16 iyun 2018-ci il tarixdə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş futbol üzrə “Heydər Əliyev Kuboku” turnirində könüllü gənclərin iştirak və fəaliyyətlərinin təmin edilməsi ilə muxtar respublikada gənclər sahəsində yeni bir istiqamətin əsası qoyuldu. Könüllülərlə işi daha da rəsmiləşdirmək və təkmilləşdirmək məqsədilə isə 2019-cu ilin oktyabr ayında “Könüllü ol” layihəsinə start verildi. Bu gün layihə ətrafında 100-ə yaxın gənc birləşib.

Fəal könüllü gənclərə fərqlənməyə görə diplom təqdim olunduqdan sonra gənclər tərəfindən hazırlanmış vətənpərvərlik mövzusunda kompozisiya və rəqs nömrələri nümayiş olunmuş və tədbir konsert proqramı ilə davam etmişdir. Tədbirdə 100-ə yaxın gənc iştirak etmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
30.12.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020