Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Çimərlik futbolu üzrə muxtar respublika çempionatına
yekun vurulub

      Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çimərlik futbolu üzrə muxtar respublika çempionatına yekun vurulub.

Uzunoba gölü ətrafındakı çimərlik futbol meydançasında keçirilən çempionatın həlledici qarşılaşmasında “Naxçıvan Dövlət Universiteti” komandası ilə “Badamlı” komandası üz-üzə gəlib. Çempionat ərzində hər iki komandanın keçirdikləri bütün görüşləri qələbə ilə başa vurmaları oyunun gərgin keçəcəyindən xəbər verirdi. İlk 12 dəqiqəsi qolsuz başa çatan görüşün ikinci hissəsində üstünlüyü ələ alan tələbələr rəqibi ardıcıl olaraq 3 dəfə mərkəzə dəvət etdilər. Son hissədə rəqibin bir qoluna iki qolla cavab verən “Badamlı” komandası oyunda dönüş yarada bilmədi. Nəticədə 4:2 hesabı ilə qələbə qazanan universitetin komandası ilk dəfə təşkil olunan çimərlik futbolu üzrə muxtar respublika çempionatının qalibi olub.

Görüşdən sonra ilk olaraq, ötən mövsüm Naxçıvan Futzal Liqasının qalibi olan komandalar mükafatlandırılıb. Liqanın qalibi olan “Nəqşicahan” komandasına kubok və plaket təqdim olunub. “Badamlı” komandası liqanın gümüş, “Panter” komandası isə bürünc mükafatçısı olub.

Çimərlik futbolu üzrə Naxçıvan Muxtar Respublika çempionatının qalibi olan NDU komandası kubok və plaketlə mükafatlandırılıb. Final görüşündə məğlub olan “Badamlı” komandası ikinci, “Panter” komandası isə çimərlik futbol çempionatını üçüncü pillədə başa vurublar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
31.08.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020